Prezident İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı Azərbaycan dövlətinin güclü, prinsipial və qətiyyətli mövqeyinin ifadəsi oldu

img

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi işğal, etnik təmizləmə və hərbi cinayətlər siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. O, qeyd etdi ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyon azərbaycanlı doğma yurd-yuvasından didərgin salınıb, fundamental insan hüquqları kobud şəkildə pozulub. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması isə beynəlxalq hüququn aliliyinə ciddi zərbə vurub.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın yalnız regional güc deyil, həm də qlobal proseslərin fəal iştirakçısı olduğunu göstərdi. Postmünaqişə dövründə yenidənqurma, mina təhlükəsinin aradan qaldırılması, iqlim diplomatiyası, enerji təhlükəsizliyi və beynəlxalq bağlantılar sahəsində atılan addımlar Azərbaycanın qlobal sabitlik və inkişaf naminə ardıcıl strategiyasını nümayiş etdirir. Dövlət başçısının BMT tribunasından səsləndirdiyi bu çağırış beynəlxalq münasibətlər sistemində mövcud olan ikili standartlara, qeyri-obyektiv vasitəçilik cəhdlərinə və beynəlxalq hüququn seçici şəkildə tətbiqinə qarşı prinsipial mövqeyi ifadə edir. Bu çıxış, eyni zamanda, qlobal səviyyədə daha ədalətli və balanslı nizamın qurulmasına yönəlmiş konkret mesajdır. Dövlət başçısının vurğuladığı kimi, ədalət yalnız bəyanatlarla deyil, konkret və ardıcıl əməli addımlarla təmin olunmalıdır. Prezident İlham Əliyev Azərbaycan-ABŞ münasibətlərində yaranmış yeni mərhələni xüsusi vurğulayır. ABŞ Prezidenti Donald Trampın səyləri nəticəsində iki ölkə arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, eyni zamanda Ermənistanla sülh prosesinə verdiyi dəstək yüksək qiymətləndirilir. Bu təşəkkür təkcə diplomatik nəzakət ifadəsi deyil, həm də Vaşinqtonda əldə olunmuş razılaşmaların arxasında duran siyasi iradənin və əməkdaşlıq ruhunun təqdiridir. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: