
Azərbaycan–İtaliya münasibətləri yalnız iqtisadi və enerji müstəvisində deyil, həm də siyasi sabitlik və diplomatik etimad üzərində qurulub. İki ölkə arasında siyasi dialoq qarşılıqlı hörmətə əsaslanır, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq isə ortaq mövqeləri gücləndirir. Bundan başqa, xalqlar arasında mədəni yaxınlıq da bu tərəfdaşlığın təməl daşlarındandır.
İtaliya mədəniyyəti Azərbaycanda böyük maraqla qarşılanır, Azərbaycan incəsənəti isə İtaliyada tanıdılır. Bu mədəni körpülər siyasi və iqtisadi əməkdaşlığı daha da möhkəmləndirir. İtaliya Prezidentinin Bakıya səfəri yalnız rəsmi protokol hadisəsi deyil, iki ölkə arasında etimadın, dostluğun və strateji tərəfdaşlığın güclənməsi baxımından tarixi bir mərhələdir. Azərbaycanla İtaliya arasındakı mədəni əlaqələrdə isə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük əməyi var. Belə ki, Mehriban xanımın təşəbbüsü ilə bərpa edilən Müqəddəs Marçellinio və Pietro katakombları xüsusi əhəmiyyət kəsb edir. Vatikanda Fondun bəşəriyyət üçün dəyərli əsərlərin qorunması və gələcək nəsillərə saxlanması istiqamətindəki fəaliyyəti beynəlxalq mədəni ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Bu gün Azərbaycan və İtaliya arasında mövcud olan dostluq və strateji əməkdaşlıq əlaqələri yüksək səviyyədədir və bu əlaqələr daha da inkişaf edir. Ümumiyyətlə, Azərbaycanla İtaliya arasında sıx mədəni, siyasi və iqtisadi əlaqələrin əsası Ümummilli Lider Heydər Əliyevin dövründə qoyulub. 1997-ci ilin sentyabrında Ulu Öndərin İtaliyaya ilk rəsmi səfəri iki dövlət arasında bütün sahələrdə münasibətlərin inkişafı üçün mühüm addım oldu. Səfər nəticəsində siyasi, iqtisadi, mədəni və texniki əməkdaşlıq üzrə yeddi saziş imzalandı. Məhz həmin tarixi səfərdən sonra qarşılıqlı münasibətlər artan dinamika ilə inkişaf etməyə başladı. Avropa ölkələri arasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən, ölkəmizin daxili işlərinə qarışmayan, qarayaxma kampaniyası aparmayan azsaylı ölkələrdən biri də İtaliyadır. Biz bunu hər zaman İtaliyanın mövqeyində görmüşük, Azərbaycan da bu mövqeyi çox yüksək qiymətləndirir. Hesab edirəm ki, bu səfər əlaqələrimizin daha da inkişafına ciddi töhfələr verəcək. Dövlətlərimiz arasında əlaqələr növbəti illərdə daha da inkişaf edəcək və Azərbaycan qarşısına qoyduğu bütün hədəf və məqsədlərə nail olacaq. Biz bu səfərdə bir çox vacib sənədlərin imzalanmasının da şahidi olduq. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir, biz İtaliyaya təkcə qaz deyil, digər milli məhsullarımızı da ixrac edirik. Eyni zamanda, İtaliya da özünün bir çox məhsullarını Azərbaycana ixrac edir. Hesab edirəm ki, bu səfər əlaqələrimizin möhkəmlənməsinə növbəti bir töhfə olacaq və öz müsbət təsirini göstərəcək. Biz İtaliya kimi dövlətlərlə münasibətlərimizi hər zaman qorumalıyıq, daha da inkişaf etdirməliyik. Azərbaycan İtaliya əlaqələri davamlı olaraq inkişaf etməlidir və bunu bu gün cənab Prezident edir. Beləliklə, Sercio Mattarellanın bu səfəri Azərbaycan-İtaliya münasibətlərinin çoxşaxəli, intensiv və yüksələn xətt üzrə inkişaf etdiyini bir daha təsdiqləyən önəmli hadisə oldu.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi