2024-cü ilin sentyabr ayında ilk köç karvanının Cəbrayıla yola salınması Böyük Qayıdışın yeni mərhələsini açdı

img

Bu gün biz Azərbaycanın müasir tarixində ən şərəfli səhifələrdən biri olan Cəbrayıl şəhərinin işğaldan azad olunmasının 5-ci ildönümünü böyük qürur və iftixar hissi ilə qeyd edirik. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi xalqımızın igidliyi, birliyi və dövlətimizin siyasi-iqtisadi qüdrətinin təntənəsi idi. Məhz həmin günlərdə 4 oktyabr 2020-ci ildə Cəbrayıl şəhəri və onunla birlikdə 9 kəndin işğaldan azad edilməsi qələbə yolumuzun möhtəşəm başlanğıcı oldu. Cəbrayılın işğaldan azad olunması uğrunda döyüşən minlərlə igid oğullarımızdan 22 797 nəfəri “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi. Onların qəhrəmanlığı bu torpaqlara əbədi möhür vurdu. Bu gün azad və abad Cəbrayılda dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin canı, qazilərimizin qanı bahasına ucaldılıb. Cəbrayıl əməliyyatı hərbi cəhətdən ən çətin döyüşlərdən biri idi. Düşmən bu ərazilərdə çoxsaylı istehkamlar qurmuş, müdafiəni möhkəmləndirmişdi. Buna baxmayaraq, Azərbaycan Ordusu böyük fədakarlıq və qəhrəmanlıq göstərərək qətiyyətli zəfərə nail oldu. Rayonun strateji mövqeyi xüsusi əhəmiyyət daşıyırdı – burada yerləşən yüksəkliklərin və keçidlərin nəzarətə götürülməsi ordumuza Hadrut və Xocavəndin cənub kəndlərində, eləcə də digər istiqamətlərdə əməliyyatlar aparmaq imkanı yaratdı. Bu üstünlüklər sayəsində sonrakı mərhələdə Zəngilan və Qubadlı rayonları, Laçının cənub hissəsi işğaldan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə keçdi. Cəbrayıl uğrunda qazanılan Qələbə ərazi bütövlüyümüz uğrunda mübarizədə dönüş nöqtəsi oldu. Cəbrayılın azad olunmasının ən möhtəşəm təzahürü Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması oldu. Bu əlamətdar hadisə tarixi ədalətin bərpası, xalqın birliyinin və mübarizə əzminin təntənəsi idi. Həmin körpü üzərində dalğalanan üçrəngli bayraq bütün millət üçün qürur anına çevrildi.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: