
Oktyabrın 7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü müasir çağırışlara cavab verən strateji yanaşma ilə diqqət çəkir. Prezident İlham Əliyevin bu mötəbər tədbirdə çıxışı Türk dünyasının həm siyasi həmrəyliyini, həm də iqtisadi, enerji və təhlükəsizlik sahələrində qarşılıqlı etimada əsaslanan əməkdaşlığını daha da möhkəmləndirən mühüm mesajlarla yadda qalıb. Zirvə görüşü Türk dünyasının regional sabitliyin və beynəlxalq təhlükəsizliyin qorunmasında artan rolunun bariz göstəricisinə çevrilib. Sülh və təhlükəsizlik hər bir dövlətin inkişafı üçün əsas amildir. TDT-nin təməl sənədi olan Naxçıvan Sazişində sülhün və təhlükəsizliyin qorunması təşkilatın mühüm məqsədlərindən biri kimi təsbit olunub. Məhz bu prinsipə sadiqlik sayəsində Türk dövlətləri müasir dövrün mürəkkəb geosiyasi mənzərəsində vahid güc mərkəzi kimi çıxış edir. Təhlükəsizlik təmin edilmədən inkişaf mümkün deyil, müasir dünyada beynəlxalq hüququn norma və prinsiplərinin tez-tez pozulduğu bir dövrdə hərbi və hərbi-texniki əməkdaşlığın gücləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycanla Türkiyə arasında bu sahədə dərin müttəfiqlik münasibətləri formalaşıb. Son bir ildə iki qardaş ölkə arasında 25-dən çox birgə ikitərəfli və çoxmillətli hərbi təlim keçirilib. Prezident İlham Əliyev gələn il ərzində Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təlimlərinin keçirilməsini təklif edib. Bu təşəbbüs türk dövlətləri arasında strateji müdafiə əməkdaşlığının daha da dərinləşməsinə təkan verəcək. Zirvə görüşündə diqqət mərkəzində olan məsələlərdən biri də nəqliyyat və kommunikasiya sahəsində əməkdaşlığın genişləndirilməsi idi. Azərbaycan Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin mühüm iştirakçısı kimi türk dünyası ilə Avropa, Asiya və Yaxın Şərq arasında strateji körpü rolunu oynayır. Son illərdə Orta Dəhliz üzrə yükdaşımaların 90 faiz artması, tranzit müddətlərinin əhəmiyyətli dərəcədə qısalması bu istiqamətdə görülən işlərin real nəticəsidir. Ələt Beynəlxalq Dəniz Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı və regionun ən böyük yükdaşıma aviaşirkəti kimi infrastruktur layihələri ölkəmizin qlobal nəqliyyat mərkəzinə çevrilməsini təmin edib. Vaşinqton Zirvəsinin ən mühüm nəticələrindən biri isə Zəngəzur dəhlizinin açılması oldu. Bu dəhliz həm Orta Dəhliz, həm də Şimal–Cənub nəqliyyat marşrutu çərçivəsində yeni strateji arteriya kimi fəaliyyət göstərəcək və türk dünyasının iqtisadi inteqrasiyasına mühüm töhfə verəcək. TDT-yə üzv ölkələrlə birgə həyata keçirilən sərmayə layihələri də iqtisadi inteqrasiyanın yeni mərhələsini formalaşdırır. İndiyədək qardaş ölkələrin iqtisadiyyatına 20 milyard dollardan çox sərmayə yatırılıb. Azərbaycan Özbəkistan, Qazaxıstan və Qırğızıstanla birgə sərmayə fondları yaradaraq yeni iqtisadi təşəbbüslərin əsasını qoyub. Prezident İlham Əliyev çıxışında türk xalqlarını birləşdirən mədəni əlaqələrə də toxunaraq, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətini vurğulayıb. Bu əlamətdar hadisə türk dünyasının elm, mədəniyyət və dil birliyinin təzahürüdür. Dövlətimizin başçısı gələn il həmin qurultayın 100 illiyinin TDT çərçivəsində təntənəli şəkildə qeyd olunmasını təklif edib. Çıxışın sonunda Prezident İlham Əliyev Qarabağın və Şərqi Zəngəzurun bərpasına göstərdikləri dəstəyə görə qardaş ölkələrə minnətdarlığını bildirib. Füzulidə Mirzə Uluqbəy adına məktəb, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Ağdamda Manas adına məktəb, Cəbrayılda macar xalqının hədiyyəsi olan məktəb və Füzulidə türkmən qardaşlarımız tərəfindən inşa edilən məscid türk həmrəyliyinin real təcəssümüdür. Bu layihələr təkcə infrastrukturun bərpası deyil, həm də mənəvi birliyin canlı nümunəsidir. Qəbələdə keçirilən Zirvə Görüşü Türk Dövlətləri Təşkilatının inkişafında yeni mərhələnin əsasını qoyub. Azərbaycan Prezidentinin çıxışı bir daha göstərdi ki, Türk dünyasının birliyi artıq ideya səviyyəsindən praktiki reallığa çevrilib. Bu birliyin mərkəzində duran əsas dəyərlər - müstəqillik, sülh, iqtisadi əməkdaşlıq və ortaq mədəni irs qlobal sabitliyin təminatına yönəlib. Zirvədə səslənən təşəbbüslər Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada nüfuzunu daha da möhkəmləndirəcək və türk xalqlarının rifahına, həmrəyliyinə və gələcək nəsillərin inkişafına xidmət edəcək.
Kamran Qasımov
YAP Tovuz rayon təşkilatının məsləhətçisi