
2025-ci il oktyabrın 10-da Tacikistanın paytaxtı Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasda cənab Prezident İlham Əliyevin iştirakı və çıxışı region ölkələri arasında mehriban qonşuluq münasibətlərinin və qarşılıqlı etimadın mühüm göstəricisidir. Ölkə başçısı çıxışı zamanı həm Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin inkişafını qeyd etdi, həm də MDB daxilində əməkdaşlığın vacibliyinə diqqət çəkdi. Tacikistanla əlaqələr barədə dövlət başçısı bildirdi ki, münasibətlər ardıcıl inkişaf edir, qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında diqqəti, eyni zamanda, Birliyin həyatında daha bir mühüm hadisəyə yönəltdi. Sentyabrın 28-dən oktyabrın 8-dək qədim Gəncə şəhərində - XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin vətənində III MDB Oyunları keçirildi. Gəncə ilə yanaşı, Azərbaycanın daha altı şəhərində - Qəbələ, Göygöl, Yevlax, Mingəçevir, Xankəndi, Şəkidə 13 ölkədən – həm MDB üzvləri olan, həm də qonaq ölkələrdən 1600-dən çox idmançı qəbul edildi. Azərbaycanda idmanın inkişafına böyük əhəmiyyət verilir. Dövlət başçısı İlham Əliyev bu günlərdə MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə səfər etdi. Bu səfər Azərbaycanın yalnız iki deyil, beynəlxalq təşkilatlar daxilində əlaqələrin inkişafında maraqlı olduğunu və bunu real addımları ilə təsdiqlədiyini bir daha nümayiş etdirdi. “Bugünkü iclasda humanitar sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə toxunmaq istərdim” deyən dövlətimizin başçısı İlham Əliyev diqqəti Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı elan edilməsinə yönəltdi. Bu mühüm qərara görə MDB dövlət başçılarına təşəkkürünü bildirdi. Bir sözlə, Prezident İlham Əliyevin Düşənbədəki çıxışı MDB məkanında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu çıxış Azərbaycanın beynəlxalq siyasətdə liderlik, sülh, bərabərlik və qarşılıqlı hörmət prinsiplərinə sadiqliyini təsdiqlədi. Azərbaycan artıq təkcə regionun deyil, bütün MDB-nin inkişafında mühüm rol oynayan, təşəbbüskarlığı ilə seçilən bir dövlətdir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi