Füzulinin işğaldan azad olunması Azərbaycan xalqının tarixində dönüş nöqtəsi hesab olunur

img

2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu qəhrəmanlıq göstərərək uzun illər işğal altında olan torpaqlarımızı azad etdi. Bu döyüşlərdə Füzuli şəhərinin azad olunması xüsusi strateji və mənəvi əhəmiyyətə malik idi. 17 oktyabr 2020-ci ildə Azərbaycan Ordusu Füzuliyə daxil olaraq şəhəri düşməndən tam azad etdi. Bu hadisə xalqımızın qələbəyə olan inamını daha da gücləndirdi və növbəti uğurların başlanğıcını qoydu. Füzulinin azad olunması həm də xalqımızın birliyinin və dövlətimizin qüdrətinin göstəricisidir. Bu qələbə Azərbaycan əsgərinin və zabitinin hünərini, xalqın Ali Baş Komandana olan sarsılmaz etimadını nümayiş etdirdi. Füzuli uğrunda gedən döyüşlər zamanı minlərlə hərbçimiz böyük fədakarlıq göstərdi və bu torpaqlar uğrunda canlarını fəda etdi. Onların qəhrəmanlığı bu gün müstəqilliyimizin və azadlığımızın rəmzinə çevrilib. Füzuli uğrunda aparılmış döyüşlər İkinci Qarabağ müharibəsi zamanı ən ağır döyüşlərdən oldu.  Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstün­lük­lər verdi. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Düşmən Füzuli isti­qa­mətində daha mürəkkəb müdafiə sədləri yaratdığından ən tanınmış hər­bi mütəxəssislər də belə düşü­nürdü ki, Füzulini işğaldan azad etmək üçün uzun müddət lazım gələcək. Lakin belə olmadı. Ordu hissələrimiz müxtəlif qoşun növlərinin iştirakı ilə hücumu kəskinləşdirdi, komandanlığın tətbiq etdiyi yeni döyüş taktikası qələbələrə yol açdı – düşmənin müdafiə səddi dağıdıldı, oktyabrın 17-də Füzuli şəhəri və bir neçə kəndi, ümumiyyətlə, müharibə müddətində Füzulinin 62 kəndi işğaldan azad edildi. Füzuli uğrunda döyüşlər xalqımızın qəhrəmanlıq salnaməsinə yazılıb. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” medalı təsis edilib. Bu mübarizədə iştirak etmiş 25325 hərbi qulluqçu bu medalla təltif olunub. Həmin addım şanlı ordunun şücaətinə verilən dəyər, Füzulinin azadlığı uğrunda canını fəda edən igidlərin xatirəsinə ehtiramın təcəssümüdür. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən, 17 oktyabr Füzuli şəhəri günü kimi müəyyən olunub. Füzuli azad edildikdən sonra qısa müddətdə genişmiqyaslı bərpa və quruculuq işlərinin mərkəzinə çevrilib. 2023-cü il martın 18-də “Füzuli şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Bu sənəd şəhərin müasir standartlara uyğun, ekoloji və sosial cəhətdən davamlı məkana çevrilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə “Füzuli” yarımstansiyası, Rəqəmsal İdarəetmə Mərkəzi, Köndələnçay su anbarı kompleksi istifadəyə verilib. Füzuli Beynəlxalq Hava Limanı, Zəfər və Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolları bu bölgənin iqtisadi cəhətdən canlanmasında mühüm rol oynayıb. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: