
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstana dövlət səfəri öncəsi “Kazinform” agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini və strateji mahiyyətini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev müsahibəsində Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, bu marşrut təkcə iqtisadi layihə deyil, Avrasiya regionunda inteqrasiyanın strateji arteriyasıdır. Aktau və Ələt limanları arasında yükdaşımaların artırılması, Xəzər dənizinin dibi ilə sualtı fiber-optik xəttin tikintisi və enerji dəhlizlərinin genişləndirilməsi iki ölkənin texnoloji və iqtisadi potensialını birləşdirir. Cənab Prezident İlham Əliyevin “Kazinform”a müsahibəsi bir daha təsdiqlədi ki, Azərbaycan və Qazaxıstan münasibətləri təkcə siyasi və iqtisadi maraqlara deyil, həm də mənəvi dəyərlərə və ortaq strateji baxışa əsaslanır. Bu münasibətlər qardaşlığın, etimadın və ortaq iradənin parlaq nümunəsidir. Onlar təkcə iki dövlət arasında deyil, bütövlükdə Türk dünyasının inteqrasiya modelinin uğurlu nümunəsinə çevrilib. Azərbaycan-Qazaxıstan əlaqələri qarşılıqlı hörmət, dostluq və qardaşlıq prinsiplərinə əsaslanaraq zəngin tarixi ənənə və möhkəm təməllər üzərində irəliləməkdədir. Azərbaycan və qazax xalqları arasında mövcud olan tarixi və mədəni bağlar, oxşar ənənələr və mənəvi dəyərlər, ortaq türk kimliyi münasibətlərin möhkəmlənməsində xüsusi rol oynayır. Əsrlərə söykənən qardaşlıq dövlət başçılarının səyləri nəticəsində son illərdə yüksək dərəcədə möhkəmlənərək Azərbaycan və Qazaxıstan arasında olan strateji tərəfdaşlığı müttəfiqlik səviyyəsinə qaldırıb. Hər iki dövlətin müştərək iqtisadi platformalarda atdığı qətiyyətli addımlar regional iqtisadi və investisiya təşəbbüskarlığını əks etdirməklə, ümumilikdə regionun tərəqqisinə səbəb olur. Aktau və Ələt limanları vasitəsilə daşımaların səmərəliliyinin artması böyük bir coğrafi logistika qovşağını möhkəmləndirir. Məhz bu tranzit sütunu üzərində qurulmuş birgə səylərin nəticəsində 2024-cü ildə Azərbaycan ilə Qazaxıstan arasında daşımaların həcmi 20 faiz artaraq 3,5 milyon tondan çox olub. SOCAR və “KazMunayQaz” arasında Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı imzalanmış saziş isə həm tranzit həcmlərini, həm də mal mübadiləsinin həcmini yüksəldəcək. Azərbaycan və Qazaxıstanın dövlət başçılarının ənənəyə çevrilmiş qarşılıqlı səfərləri və apardığı geniş müzakirələr yeni aktual çağırışlardan irəli gələn bütün məsələləri operativ şəkildə həll etməyə və əməkdaşlığın əsas istiqamətləri üzrə razılaşdırılmış mövqeləri müəyyənləşdirməyə imkan verir, təmaslara yeni keyfiyyət zənginliyi qatır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəhbərliyi ilə ölkədə həyata keçirilən modernləşmə və inkişaf siyasətinin yüksək qiymətləndirilməsi, eyni zamanda İlham Əliyevin qardaş ölkəyə son üç il ərzində yeddinci səfərini reallaşdırması, əlaqələrin intensivliyinin bariz ifadəsidir. Tokayevin Azərbaycana altı dəfə səfər etməsi isə bu münasibətlərin qarşılıqlı xarakterini göstərir. İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi Azərbaycan–Qazaxıstan dostluğunun simvoluna çevrilib. Bu mərkəzdə hazırda 100-dən çox uşaq təhsil alır və Qarabağın dirçəlişinə töhfə verən mədəni-humanitar layihələrdən biri kimi xüsusi vurğulanır. Bu addım təkcə humanitar yardım deyil, həm də türk dünyasının birliyi və mənəvi həmrəyliyinin təcəssümüdür.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi