Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyi münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevin 3 noyabr 2025-ci ildəki çıxışı, sadəcə tarixi retrospektiv deyil, ölkənin Vətən müharibəsindən sonra daxil olduğu yeni inkişaf erasının strateji sənədi kimi yadda qaldı. Cənab Prezident çıxışında elmin hədəflərini iqtisadi və hərbi reallıqlarla uzlaşdıraraq, texnoloji üstünlüyü prioritet elan etdi. Cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin kadr siyasətinin müstəqillik dövründə də eyni əzmkarlıqla davam etdirildiyini xüsusi vurğuladı. Bu, sadəcə maliyyə ayırması deyil, intellektual potensiala sistemli investisiya idi: Ötən əsrin 70-ci illərində yüz minlərlə azərbaycanlı gəncin SSRİ-nin aparıcı ali məktəblərinə, ardınca müstəqillik illərində on minlərlə gəncin dünyanın aparıcı ali məktəblərinə ezam olunması Azərbaycanın humanitar bazasının güclənməsinin təməlidir. Prezident son on il ərzində elmə ayrılan vəsaitin iki dəfədən çox artırılmasını, Elm Fondunun yaradılmasını (2009) və Akademiyanın maddi-texniki bazasının möhkəmləndirilməsini Heydər Əliyev siyasətinin davamlılığının təzahürü kimi qiymətləndirdi. Prezidentin çıxışının əsas analitik məqamı təbii sərvətlərin müvəqqəti, intellektual potensialın isə tükənməz olması tezisidir. Bu postulat əsasında ölkənin gələcək iqtisadi və hərbi-sənaye strategiyası cızılır: "Təbii sərvətlər gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna dövlət sərmayə qoyarsa." Ölkənin təhlükəsizliyini və iqtisadi inkişafını məhz texnoloji imkanlar şərtləndirir. Cənab Prezident bu inkişafı iqtisadiyyat, yeni texnologiyaların tətbiqi və müasir müharibələrdə gördüyünü qeyd etdi. On il əvvəl aktuallığı olmayan Süni İntellektin bu gün ölkələrin gələcək inkişafının ayrılmaz hissəsi olması vurğulandı. Cənab Prezident Azərbaycan alimlərinin Sİ-nin inkişafı və iqtisadiyyatda tətbiqi prosesində fəal iştirakını gözlədiyini bildirdi. Eyni zamanda, çıxışda kibertəhlükəsizliyin hər bir ölkənin fiziki təhlükəsizliyi olduğu bəyan edildi və yerli pilotsuz uçuş aparatları istehsalının və hərbi sənayenin inkişafının vacibliyi vurğulandı. Ölkə başçısı iqtisadiyyatın sağlam əsaslar üzərində inkişaf etdiyini, iqtisadi müstəqilliyin siyasi müstəqilliyi gücləndirdiyini göstərən rəqəmləri təqdim etdi: İqtisadiyyatın aparıcı təkanverici qüvvəsi kimi qeyri-neft sektoru önə çıxır. Xarici borcun ÜDM-in cəmi 6%-dən bir qədər çox olduğu halda, valyuta ehtiyatlarının 80 milyard dolları ötməsi və borcdan 16 dəfə çox olması Azərbaycanın maliyyə dayanıqlılığının təkzibedilməz göstəricisidir. Bu maliyyə resursları Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa işlərini sürətləndirməyə imkan verir. Yeni iqtisadi inkişaf istiqamətləri olaraq bərpaolunan enerji layihələri və azad edilmiş ərazilərdəki geoloji kəşfiyyat işləri qeyd edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev analitik çıxışının yekununda milli kimliyə toxunaraq, dilin və tarixi həqiqətlərin qorunmasını strateji vəzifə elan etdi: "Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır! Biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər." "Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq!" Cənab Prezident elm ilə iqtisadiyyat arasında sıx əlaqənin yaradılması üçün dövlət qurumlarına göstəriş verdi. Bu strateji manifest Azərbaycan elmini ölkənin dayanıqlı inkişafı, müdafiəsi və milli kimliyinin təminatı üçün aktiv və praktik qüvvəyə çevrilməyə səsləyən bir çağırış oldu.
İlqar Kərimov
YAP Tovuz tayon təşkilatının sədr müavini










