Azərbaycanın dövlətçilik tarixində 12 Noyabr xüsusi yer tutur

img

Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin qətiyyət və ləyaqətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı hüquqi, dünyəvi dövlət quruculuğuna doğru yönəltdi. 1995-ci ilin mayında Onun sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi. Onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Azərbaycan Respublikasının Konstitusiyası yalnız qanunlar toplusu deyil, eyni zamanda milli dövlətçiliyimizin fəlsəfəsini, azərbaycançılıq ideologiyasını və müasir hüquqi düşüncəni özündə birləşdirir. Bu sənədin hər bir maddəsində dövlətin suverenliyi, xalqın birliyi, insan hüquq və azadlıqlarının təminatı, ədalət, bərabərlik və qanunun aliliyi kimi dəyərlər əks olunur. Konstitusiyanın qəbulundan ötən dövrdə Azərbaycan böyük inkişaf yolu keçib. Hüquqi dövlət prinsipləri möhkəmlənib, vətəndaş cəmiyyəti formalaşıb, iqtisadi islahatlar həyata keçirilib, beynəlxalq münasibətlərdə ölkəmizin nüfuzu xeyli artıb. Dövlətin idarəetmə sistemi müasirləşib, sosial rifah və insan hüquqları prioritet istiqamətlərdən birinə çevrilib. Hər il noyabrın 12-də qeyd edilən Konstitusiya Günü, Azərbaycan Respublikasının suverenliyini, müstəqil dövlətçilik ənənələrini və hüquqi idarəetmə prinsiplərini təcəssüm etdirən ən mühüm tarixlərdən biridir. Bu gün yalnız əsas qanunun qəbul olunduğu tarixi deyil, həm də insan hüquqları, azadlıqlar və demokratik dəyərlərin təminat altına alındığı bir mərhələnin başlanğıcını simvolizə edir. Konstitusiyamız müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrdə köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. Konstitusiya dünyanın hər yerində əsas qanun kimi ən ali hüquqi aktdır. Bu sənəd məxsus olduğu dövlətin təməllərinin əsas prinsiplərini, o cümlədən ölkə vətəndaşlarının hüquq və vəzifələrini özündə təsbit edir. Konstitusiya həm də öz məzmunu ilə dövlətin siyasi quruluşunun, cəmiyyətin sosial-iqtisadi və hüquqi əsaslarının aynasıdır. Buna görə də digər bütün qanunlar və hüquqi aktlar konstitusiyaya uyğun olmalıdır.

Emin Feyzizadə   

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: