Hüquqi dövlətin əsas sütunlarından biri hüquqi şüuru formalaşmış vətəndaş cəmiyyətidir. Hüquqi şüur fərdin qanunlara münasibəti, hüquqlarını və vəzifələrini dərk etməsi, hüquqi dəyərlərə hörmətlə yanaşması deməkdir. Hüquqi şüurun yüksək səviyyədə olması dövlətin sabitliyi, cəmiyyətin hüquqa bağlılığı və vətəndaşların hüquq sisteminə inamı baxımından həyati əhəmiyyət kəsb edir. Bu sahədə medianın rolu isə təkcə informasiya ötürmək deyil, həm də maarifləndirmək, istiqamət göstərmək və vətəndaşları fəal hüquqi mövqeyə cəlb etməkdir.
Hüquqi şüur fərdlərin hüquq sistemini anlama qabiliyyəti, qanunlara münasibəti və onların gündəlik həyatında tətbiqi ilə sıx bağlıdır. Cəmiyyətdə hüquqi şüur nə qədər güclü olsa, qanunlara əməl olunma səviyyəsi də bir o qədər yüksək olur. Hüquqi şüuru olmayan və ya zəif inkişaf etmiş fərd hüququnu müdafiə etməkdə aciz qalır, qanunsuzluğa qarşı mübarizədə passiv olur. Bu isə hüquqi dövlət anlayışının zəifləməsinə gətirib çıxarır.
Müasir dövlətlər üçün hüquqi şüurun inkişafı strateji vəzifə sayılır. Təhsil, hüquqi maarifləndirmə və informasiya texnologiyaları vasitəsilə bu məqsədə çatmaq mümkündür. Bu istiqamətdə medianın üzərinə böyük məsuliyyət düşür.
Media cəmiyyətin güzgüsüdür onun sorğularını, ehtiyaclarını və problemlərini əks etdirir. Hüquq sahəsində isə media həm də “tərcüməçi” funksiyası daşıyır mürəkkəb hüquqi mətnləri sadələşdirərək geniş auditoriyaya çatdırır. Medianın hüquqi maarifləndirmə vəzifələri aşağıdakılardır:
1.Qanunların izahı və təbliği: – Yeni qəbul olunan qanunlar, hüquqi aktlar və dəyişikliklər cəmiyyətə sadə və başa düşülən şəkildə çatdırılmalıdır.
2.Hüquqi təfəkkürün formalaşdırılması: – İnsanlara hüquq mədəniyyəti, qanunun aliliyi və hüquq qarşısında bərabərlik prinsipləri aşılanmalıdır.
3.Hüquq pozuntularının işıqlandırılması: – Medianın tənqidi funksiyası qanunsuzluqlara qarşı cəmiyyətin mübarizə əzmini artırır.
4. Vətəndaş maarifləndirilməsi: Günlük hüquqi suallar, vətəndaş hüquqları, hüquqi prosedurlar barədə məlumatların çatdırılması mühümdür.
Media bu sahədə obyektiv və məsuliyyətli davranmalı, hüquqi informasiyanın təhrif olunmasına, panikaya və ya yanlış təsəvvürlərə yol verməməlidir.
Azərbaycan Respublikasında son illərdə hüquqi maarifləndirmə sahəsində mühüm addımlar atılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquqi islahatlar dərinləşdirilir, vətəndaşların hüquq biliklərinin artırılması üçün dövlət proqramları reallaşdırılır.
Bu prosesdə KİV-lərin rolu danılmazdır. Hüquqşünasların mətbuatda və televiziyada çıxışları, hüquqi proqramlar, sosial mediada hüquqi marifləndirici kontentlərin yayılması vətəndaşların hüquqi bilik səviyyəsinə müsbət təsir göstərir.
Ombudsman Aparatı, Ədliyyə Nazirliyi, Vəkillər Kollegiyası və digər qurumlarla medianın əməkdaşlığı bu istiqamətdə mühüm nəticələr verir.
Hüquqi şüurun inkişafı dövlətin sabitliyi və xalqın rifahı üçün əsas şərtlərdən biridir. Medianın bu istiqamətdə üzərinə düşən məsuliyyət həm hüquqi, həm də sosial xarakter daşıyır. Hüquqi mövzulara diqqət artırılmalı, hüquq dili sadələşdirilməli, informasiya və təhlil balanslı şəkildə təqdim edilməlidir.
Yalnız hüquqi şüuru yüksək, məlumatlı və məsuliyyətli vətəndaşlar hüquqi dövləti qurmağa və qorumağa qadirdir. Bu baxımdan media hüququn sadəcə izləyicisi deyil, onun formalaşdırıcısı və daşıyıcısı olmalıdır.
TURANƏ ZİYADXANQIZI ( BƏDƏLOVA)
Rezonans.az İnformasiya Portalının Xüsusi müxbiri










