1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyası yalnız siyasi təşkilat kimi deyil, Azərbaycanın müasir dövlətçilik modelinin formalaşmasında, idarəetmə sisteminin yenilənməsində və müstəqil respublikanın ideoloji xəttinin müəyyənləşməsində həlledici rol oynayan tarixi bir fenomendir. YAP-ın 33 illik tarixi, əslində, müstəqil Azərbaycanın dövlətçilik salnaməsinin siyasi xəttini özündə ehtiva edir. Bu yol iki böyük şəxsiyyətin – Heydər Əliyevin xilaskarlıq missiyası və İlham Əliyevin inkişaf, modernizasiya və qlobal siyasi liderlik kursu ilə tamamlanır. YAP beynəlxalq mərkəzlərlə geniş əməkdaşlıq edən regional lider partiyaya çevrilməklə beynəlxalq aləmdə siyasi nüfuzunun artmasına nail olmuşdur. YAP-ın 2021-ci ildə keçirilmiş VII Qurultayının qərarlarını ciddi tarixi islahatlara, yenilənməyə, yeni siyasi konfiqurasiyanın yaradılmasına, konsolidasiyaya və strateji modernizasiyaya keçid kimi dəyərləndirmək mümkündür. Şübhəsiz, YAP-ın inkişafında yeni səhifə açdı.Onun əsas istiqamətləri ilk növbədə struktur islahatları ilə bağlıdır ki, bu da İdarəetmədə çeviklik, şəffaflıq, kriteriya əsaslı kadr siyasətinin təkmilləşdirilməsini ehtiva edir. Partiyanın rəhbər orqanlarında gənclərin və yeni siyasi nəsilin payı artırılması YAP-ın gəncləşmə siyasətinin təzahürüdür. Bu gün YAP ölkədə ən geniş təşkilati şəbəkəyə malik siyasi qüvvə kimi Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətçilik ənənələrinin davam etdirilməsi, modernləşmə siyasətinin aparılması və Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarmaq missiyasını davam etdirir. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası yarandığı zamandan keşməkeşli yol keçib və qısa müddətdə ümumxalq partiyasına çevrilib. Azərbaycan xalqının Ümummilli Liderinin qətiyyəti və iradəsi hesabına yaradılan və bu gün istər ölkə daxilində, istərsə də regionda lider partiya olan Yeni Azərbaycan Partiyası həm ölkə daxilində cərəyan edən siyasi proseslərdə, həm də beynəlxalq əlaqələrdə böyük uğurlara imza atıb. Hər bir siyasi partiyanın keçdiyi yolu tədqiq etmək üçün bir sıra müxtəlif məqamlara toxunmaq lazımdır. Bunlardan biri partiyanın hansı ictimai-siyasi şəraitdə yaranması və fəaliyyət göstərməsidir. Müstəqilliyin bərpasının ilk illərində ölkədə gedən xoşagəlməz proseslər, böhran, iqtisadi tənəzzül demək olar ki, suverenliyimizə böyük zərbələr vurmuşdu. Ölkə siyasi və iqtisadi böhran keçirirdi. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd, əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









