Azərbaycan-Slovakiya münasibətləri son illər ərzində nəzərəçarpacaq dərəcədə dinamik inkişaf mərhələsinə daxil olub

img

Azərbaycan Prezidenti İlham Əliyevin 8 dekabr 2025-ci il tarixində Slovakiyaya rəsmi səfəri və Bratislavada mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin mahiyyətini, qarşılıqlı etimadın səviyyəsini və əməkdaşlıq gündəminin strateji dərinliyini nümayiş etdirdi. Bu bəyanat, əslində, Azərbaycan–Slovakiya əlaqələrinin yalnız ikitərəfli çərçivədə deyil, həm də Avropanın enerji təhlükəsizliyi, müdafiə sənayesi, nəqliyyat-kommunikasiya xətləri və yüksək texnologiyalar sahəsində formalaşan yeni geosiyasi mənzərədə xüsusi məna daşıdığını göstərir. Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrdir, bu yaxınlıq həyata keçirilən real əməkdaşlıq layihələri ilə davamlı şəkildə möhkəmlənir. Hər iki tərəfin müstəqil işçi qrupları siyasi dialoqdan tutmuş iqtisadi əməkdaşlığa, energetikadan texnoloji sahələrə qədər çoxsaylı istiqamətlərdə intensiv iş həyata keçirir. Bu amillər dövlətlərarası etimadın yüksək səviyyədə olduğunu təsdiqləyir. Azərbaycan və Slovakiya arasında yaxın dostluq və tərəfdaşlıq münasibətləri ötən illər ərzində diplomatik səylərin artırılması, yüksək səviyyəli nümayəndə heyətlərinin, o cümlədən parlament qruplarının qarşılıqlı səfərləri və biznes-forumların keçirilməsi sayəsində möhkəmlənərək fəal siyasi dialoqun qurulmasına səbəb olub. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyib, ələlxüsus da Slovakiya Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məsələsində davamlı olaraq qətiyyətli mövqe nümayiş etdirib. Səfərin mühüm aspektlərindən biri də nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsidir. Azərbaycan son illərdə Şərq–Qərb nəqliyyat dəhlizinin ayrılmaz mərkəzinə, Orta Dəhliz layihəsinin əsas daşıyıcı ölkəsinə çevrilib. Prezident Əliyevin vurğuladığı kimi, Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı marşrut məhz Azərbaycan üzərindən keçir. Bu, Slovakiya üçün logistik imkanlar, Azərbaycan üçün isə Avropa ilə strateji iqtisadi əlaqələrin genişləndirilməsi deməkdir. Gələcək illərdə bu sahəyə əlavə sərmayələrin qoyulması Slovakiyanın bu dəhlizin Avropa qovşaqlarından birinə çevrilməsi ehtimalını artırır. Energetika sahəsində real nəticələr göstərir ki, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində həlledici rolu daha da güclənir. Slovakiyaya qaz ixracının başlaması və gələcəkdə həcmlərin artırılması həm ikitərəfli əməkdaşlıqda, həm də Avropanın enerji xəritəsində yeni məna daşıyır. Müdafiə sənayesində sinerji modeli sayəsində Slovakiya texnologiyalarının Azərbaycan maliyyə və istehsal imkanları ilə birləşdirilməsi müdafiə sənayesində rəqabətqabiliyyətli məhsulların yaradılmasına şərait yaradır. Bu əməkdaşlıq hərbi qarşıdurma deyil, sənaye və texnologiyanın inkişafına xidmət edir.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi 

Xəbəri paylaş: