“Konstitusiya və Suverenlik İli” – Hüquqi humanizmə doğru atılan növbəti addım

img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi ölkəmizin hüquqi dövlət quruculuğu, milli müstəqillik və suverenlik dəyərlərinə sadiqliyinin bariz nümunəsidir. Bu əlamətdar il çərçivəsində dövlət başçısının amnistiya elan edilməsi təşəbbüsü isə Azərbaycan dövlətinin humanist siyasətinin, ədalət və mərhəmət prinsiplərinə əsaslanan hüquqi yanaşmasının davamı kimi mühüm əhəmiyyət daşıyır.

Amnistiya aktları Azərbaycan Respublikasında mütəmadi olaraq həyata keçirilən və cəmiyyətin sosial ədalətə olan inamını gücləndirən mühüm hüquqi mexanizmlərdən biridir. Xüsusilə əlamətdar tarixi hadisələr, dövlətçilik baxımından mühüm mərhələlər fonunda elan edilən amnistiyalar dövlətin vətəndaşa verdiyi dəyərin, insan hüquq və azadlıqlarına göstərdiyi diqqətin təzahürüdür.“Konstitusiya və Suverenlik İli” çərçivəsində irəli sürülən bu təşəbbüs, Azərbaycan Respublikasının Konstitusiyasının ali hüquqi qüvvəyə malik əsas sənəd kimi rolunun bir daha vurğulanmasına, eyni zamanda suverenliyimizin tam bərpası fonunda hüquqi və ictimai münasibətlərdə yeni mərhələnin başlanmasına xidmət edir. Amnistiya aktı cəza siyasətində fərdi yanaşmanın, islah və yenidən cəmiyyətə inteqrasiyanın ön plana çəkildiyini göstərir.
Bu təşəbbüs həmçinin sosial sabitliyin möhkəmləndirilməsinə, ailələrin birləşməsinə, cəmiyyətə yenidən qazandırılan şəxslərin sağlam ictimai mühitə adaptasiyasına şərait yaradır. Dövlətin əsas məqsədi cəzalandırmaqdan daha çox islah etmək və vətəndaşların hüquqi davranışa təşviq olunmasını təmin etməkdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu kimi addımlar bir daha sübut edir ki, Azərbaycan güclü dövlət olmaqla yanaşı, eyni zamanda humanist və sosial yönümlü siyasət yürüdən bir ölkədir. “Konstitusiya və Suverenlik İli” münasibətilə irəli sürülən amnistiya təşəbbüsü hüquqi dövlətçilik ənənələrinin möhkəmlənməsinə, vətəndaş-dövlət münasibətlərinin daha da dərinləşməsinə xidmət edən mühüm tarixi addım kimi qiymətləndirilməlidir.


KAMİL MƏHƏMMƏDLİ

Xəbəri paylaş: