Ölkə başçısının Amnistiya layihəsi humanizmin təntənəsidir

img

Cənab Prezident İlham Əliyevin 2025-ci ili ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan etməsi və bu əlamətdar hadisə münasibətilə Milli Məclisə genişmiqyaslı Amnistiya Aktı layihəsini təqdim etməsi, müasir Azərbaycan dövlətçilik strategiyasının həm qüdrətini, həm də daxili mahiyyətini əks etdirən tarixi bir hadisədir. Bu addım sadəcə hüquqi bir sənəd deyil, dövlət başçısının uzun illərdir yürütdüyü milli həmrəylik və humanizm siyasətinin məntiqi davamı, suverenliyini tam bərpa etmiş qalib dövlətin öz vətəndaşına olan inamının təzahürüdür. Cənab Prezident İlham Əliyevin siyasi fəaliyyətinin əsas xətti Azərbaycanı güclü, müstəqil və beynəlxalq arenada söz sahibi olan bir dövlətə çevirməklə yanaşı, daxildə sosial ədaləti və insan amilini uca tutan bir cəmiyyət qurmaqdır. Bu gün Azərbaycanın ərazi bütövlüyünün və Konstitusiya quruluşunun bütün ölkə ərazisində təmin edilməsi dövlət başçısının qətiyyətli xarici və hərbi siyasətinin nəticəsidirsə, elan edilən bu tarixi amnistiya aktı həmin böyük zəfərin mənəvi tərəfidir. Güclü dövlət yalnız ordusu ilə deyil, həm də bağışlamağı bacaran, səhv etmiş vətəndaşına yenidən şans verən və ailələrin sevincinə səbəb olan humanist yanaşması ilə tanınır. Layihənin əhatə dairəsi onun miqyasını aydın şəkildə nümayiş etdirir: Azərbaycan tarixində indiyədək tətbiq olunacaq ən böyük amnistiya aktı kimi, bu humanist missiya 20 mindən çox insanı əhatə edəcəkdir. Layihəyə əsasən, 5 mindən çox şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi, 3 mindən çox məhkumun cəza müddətinin azaldılması, həmçinin minlərlə insanın azadlığın məhdudlaşdırılması və digər cəza növlərindən azad edilməsi nəzərdə tutulur. Xüsusilə Vətən müharibəsi və antiterror əməliyyatlarının iştirakçıları, onların yaxın qohumları, eləcə də qadınlar, 60 yaşdan yuxarı şəxslər və əlilliyi olan vətəndaşlar bu aktın əsas faydalananlarıdır. Cənab Prezidentin bu təşəbbüsü ölkədə resosializasiya proseslərini gücləndirir, minlərlə insanın cəmiyyətə yenidən inteqrasiyası üçün yol açır. Bu, bir daha sübut edir ki, Azərbaycan dövləti hər bir vətəndaşın taleyinə həssaslıqla yanaşır və cinayət-hüquq siyasətində liberallaşmanı prioritet hesab edir. Belə bir genişmiqyaslı amnistiya həm də milli barışığı və daxili sabitliyi daha da möhkəmləndirir, xalqın öz rəhbərinə olan etimadını və dövlətçilik idealları ətrafında birliyini sarsılmaz edir. "Konstitusiya və Suverenlik İlində atılan bu addım Azərbaycanın həm hərbi-siyasi sahədəki qələbəsini, həm də mənəvi-humanitar dəyərlər üzərində qurulan yüksək siyasi mədəniyyətini bütün dünyaya nümayiş etdirir. 

İlqar Kərimov
YAP Tovuz rayon təşkilatının sədr müavini

Xəbəri paylaş: