İyulun 15-i saat 20 Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Xəzər rayon prokurorluğundan Rezonans.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Vüsalə Əliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Arzuman Fazilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.










