Azərbaycan Dillər Universitetinin (ADU) dünya universitetləri arasında Quacquarelli Symonds (QS) beynəlxalq reytinq cədvəlindəki tutduğu mövqe sadəcə bir statistik nəticə deyil, dərin qürur və sevinc hissi ilə bölüşdüyüm çox əlamətdar bir uğurun şahidliyidir.
ADU-nun “Müasir dillər” proqramı üzrə 151–200-cü yerlər aralığında qərarlaşması mənim üçün həm akademik, həm də mənəvi baxımdan böyük dəyər daşıyır. Bu irəliləyiş təkcə rəqəmlərin dəyişməsi deyil, illərin zəhmətinin, inamının və fədakarlığının nəticəsidir. Xüsusilə sevindirici haldır ki, universitetimiz əvvəlki illərdə 300-350-ci yerlərdən başlayaraq bu gün artıq ilk 150-200-lükdə möhkəmlənmişdir. Bu yüksəlişi izləmək və onun bir parçası olmaq insanda həm qürur, həm də məsuliyyət hissini daha da artırır. Eyni zamanda, Azərbaycan Dillər Universitetinin ilk dəfə “Linqvistika” proqramı üzrə də reytinqə daxil olaraq 251–300-cü yerlərdə qərarlaşması mənim üçün ayrıca sevinc mənbəyidir. Bu, bizim elmi potensialımızın genişlənməsinin və yeni istiqamətlərdə də öz sözümüzü deməyə başladığımızın bariz göstəricisidir.
QS kimi nüfuzlu bir qurumun dünya universitetləri arasında apardığı bu genişmiqyaslı və çoxparametrli qiymətləndirmədə əldə etdiyimiz nəticələr, əslində, ADU-nun gündəlik akademik fəaliyyətinin, elmi axtarışlarının və tədris prosesində göstərilən səylərin beynəlxalq səviyyədə tanındığını sübut edir. Bu, hər birimiz üçün həm böyük motivasiya, həm də gələcək uğurlara aparan yolun aydın göstəricisidir.
QS kimi nüfuzlu bir qurumun dünya universitetləri arasında apardığı bu genişmiqyaslı və çoxparametrli qiymətləndirmədə əldə etdiyimiz nəticələr, əslində, ADU-nun gündəlik akademik fəaliyyətinin, elmi axtarışlarının və tədris prosesində göstərilən səylərin beynəlxalq səviyyədə tanındığını sübut edir. Bu, hər birimiz üçün həm böyük motivasiya, həm də gələcək uğurlara aparan yolun aydın göstəricisidir.
Bu yüksəlişə baxarkən, son illərdə Azərbaycanın ali təhsil sistemində müşahidə olunan ümumi inkişaf dinamikası xüsusilə diqqət çəkir.
Əlbəttə ki, Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə irəliləməsi təsadüfi deyil, məhz məqsədyönlü siyasətin, sistemli islahatların və ən əsası birgə əməkdaşlığın nəticəsidir. Bu mənada Azərbaycan Dillər Universitetinin uğuru həm də bütövlükdə milli ali təhsil sisteminin inkişafının ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilməlidir.
Bu möhtəşəm uğurun əldə olunmasında rektor, akademik Kamal Abdullayevin rəhbərliyi ilə həyata keçirilən strateji inkişaf xətti, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, elmi-tədqiqat fəaliyyətinə verilən önəm və innovativ yanaşmalar həlledici rol oynayır. Bu uğur, əslində, onun aydın vizyonun və kollektiv səylərin vəhdətinin nəticəsidir. Rektor dəfələrlə çıxış və müzakirələrində xüsusi vurğulayır ki, əlavə maliyyə resurslarına arxalanmadan, məhz mövcud imkanlardan səmərəli istifadə etməklə və hər birimizin öz işinə yüksək məsuliyyətlə, layiqincə yanaşması sayəsində böyük uğurlara imza atmaq mümkündür. Bu yanaşma təkcə bir idarəetmə prinsipi deyil, artıq universitetin daxili akademik mədəniyyətinə çevrilmiş bir dəyər sistemidir. Məhz bu dəyər sistemi hər bir müəllimin auditoriyada, hər bir tədqiqatçının elmi axtarışlarında, hər bir əməkdaşın gündəlik fəaliyyətində özünü göstərərək ümumi uğurun möhkəm təməlini formalaşdırır. Akademik Kamal Abdullayevin bu məntiqi və uzaqgörən yanaşması, eləcə də məqsədyönlü və sistemli fəaliyyəti bu gün artıq konkret nəticələrdə öz aydın və inandırıcı təcəssümünü tapır. Daha da önəmlisi, bu yanaşma universitet kollektivində bir inam mühiti formalaşdırır, yəni böyük uğurlar yalnız böyük resurslardan deyil, böyük məsuliyyətdən, zəhmətdən və ortaq məqsədə sədaqətdən doğur. Bu ruh yüksəkliyi və daxili motivasiya isə Azərbaycan Dillər Universitetini yalnız bugünkü nailiyyətlərlə kifayətlənməyə deyil, daha böyük zirvələrə doğru inamla irəliləməyə səsləyir.
Şəxsən mənim üçün Azərbaycan Dillər Universiteti yalnız bir təhsil müəssisəsi deyil, bu, mənim akademik kimliyimin formalaşdığı, elmi düşüncəmin inkişaf etdiyi, uğurları ilə qürur duyduğum doğma bir məkandır. Bu uğuru paylaşmaq mənə həm böyük sevinc, həm də daxili bir məsuliyyət hissi verir: daha çox çalışmaq, daha böyük hədəflərə doğru irəliləmək və bu yüksəlişin davamlı iştirakçısı olmaq.
İnanıram ki, bu nailiyyətlər davamlı olacaq, universitetimiz beynəlxalq akademik məkanda mövqeyini daha da möhkəmləndirəcək və biz, bu böyük akademik ailənin üzvləri gələcək uğurların da şahidi olacağıq. Bu münasibətlə bütün həmkarlarımı, tələbələrimizi və rəhbərliyimizi ürəkdən təbrik edir, hər birimizə yeni zirvələr arzulayıram.
Vüsalə Ağabəyli,
ADU-nun Linqvokulturologiya kafedrasının müdiri, Filologiya elmləri doktoru, professor









