Strateji tərəfdaşlıq və qardaşlıq münasibətləri

img

Azərbaycan və Gürcüstan arasındakı münasibətlər sadəcə iki qonşu dövlətin diplomatik əlaqələri deyil, kökləri tarixin dərinliklərinə, sınaqlardan keçmiş sarsılmaz dostluq və qardaşlıq tellərinə söykənən uca bir çinardır. Əsrlər boyu Qafqazın bu iki qədim xalqı sevinclərini də, kədərlərini də bir bölüşmüş, çətin anlarda bir-birinə arxa durmuşlar. Bu gün bu tarixi təməl üzərində ucalan strateji tərəfdaşlıq, regionun taleyini dəyişən nəhəng layihələrin və sülhün əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Aprelin 6-da Tiflisdə baş tutan görüş bu qədim dostluq kitabına yazılan yeni və parlaq bir səhifə oldu.

Cənab Prezident İlham Əliyevin Tiflis bəyanatı iki ölkə arasındakı qırılmaz bağların həm iqtisadi, həm də siyasi manifesti kimi səsləndi. Dövlət başçısı öz çıxışında ilk növbədə Gürcüstanda hökm sürən siyasi sabitliyi yüksək qiymətləndirərək, bu amilin bütün uğurların və gələcək investisiyaların təməl daşı olduğunu və bunun təminatçısının məhz gürcü xalqı və aparılan düzgün siyasət olduğunu xüsusi vurğuladı. Azərbaycanın Gürcüstan iqtisadiyyatına yatırdığı 3,7 milyard dollarlıq sərmayə və keçən il 800 milyon dolları keçən, bu il isə bir milyard dollarlıq hədəfə doğru irəliləyən ticarət dövriyyəsi bu etimadın ən bariz göstəricisidir. Tərəflər arasında hətta üçüncü ölkələrə birgə sərmayə qoyuluşu kimi yeni və uzaqgörən üfüqlər də müzakirə mövzusu olmuşdur.

Enerji və nəqliyyat sahəsindəki əməkdaşlıq isə artıq qlobal əhəmiyyət kəsb edən bir səviyyəyə yüksəlmişdir. Artıq 20 ildir uğurla fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan neft kəməri və onun ardınca icra edilən Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın və Gürcüstanın deyil, bütöv bir coğrafiyanın enerji təhlükəsizliyini təmin edən nəhəng arteriyalardır. Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilsə də, bu yolun məhz qardaş Gürcüstan torpağından başlaması və Xəzərin şərq sahillərindən gələn neft resurslarının da bu marşrutla daşınması strateji ortaqlığın sarsılmazlığını sübut edir. Eyni zamanda, Asiya ilə Avropanı birləşdirən "şah damar" rolunu oynayan Orta Dəhlizin genişləndirilməsi hər iki ölkəni beynəlxalq logistik mərkəzə çevirməklə yanaşı, yeni nəqliyyat imkanları və iqtisadi perspektivlər vəd edir.

Cənubi Qafqazda yaranan tamamilə yeni vəziyyət fonunda sülh, təhlükəsizlik və regional əməkdaşlıq məsələləri də dövlət başçısının nitqində mühüm yer tutdu. Prezident İlham Əliyev qeyd etdi ki, regionun sülh və əmin-amanlıq məkanına çevrilməsində Gürcüstanın rolu əvəzsizdir və bu tarixi imkan əldən verilməməlidir. Maraqlıdır ki, sülh prosesini hər addımda gücləndirən ən mühüm amillərdən biri olan ticarət əlaqələri, hətta Azərbaycanla Ermənistan arasında belə məhz Gürcüstan vasitəsilə həyata keçirilir ki, bu da rəsmi Tiflisin sülh quruculuğundakı mühüm töhfəsidir. Ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birini hər zaman dəstəkləməsi, ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi bu münasibətləri bütün qonşular üçün əsl örnək səviyyəsinə qaldırır. Qarşılıqlı hörmət, inam və ortaq mənfəət üzərində qurulan bu qardaşlıq bağları, Azərbaycan və Gürcüstanın gələcəkdə də bir yerdə inamla irəliləyəcəyinin ən böyük zəmanətidir.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini

Xəbəri paylaş: