Cari ilin 6 aprel tarixində Prezident İlham Əliyevin Gürcüstana reallaşdırdığı rəsmi səfər və bu çərçivədə mətbuata verdiyi bəyanat iki ölkə arasındakı strateji tərəfdaşlığın sarsılmazlığını bir daha nümayiş etdirdi. Səfər zamanı aparılan yüksək səviyyəli müzakirələr göstərdi ki, Azərbaycan və Gürcüstan arasındakı əlaqələr təkcə ikitərəfli formatda deyil, həm də regional və qlobal təhlükəsizlik kontekstində böyük əhəmiyyət kəsb edir. Azərbaycan və Gürcüstan arasındakı münasibətlər qarşılıqlı etimad və mehriban qonşuluq prinsipləri üzərində qurulub. Bu əməkdaşlıq modeli Cənubi Qafqazda sabitliyin qorunmasında həlledici rol oynayır. Enerji sektorundakı birgə fəaliyyət, xüsusilə Cənub Qaz Dəhlizinin uğurlu istismarı hər iki ölkənin beynəlxalq enerji xəritəsindəki mövqeyini möhkəmləndirir. Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarının Gürcüstan ərazisi vasitəsilə dünya bazarlarına çıxarılması bölgəyə investisiya axınını stimullaşdırır və iqtisadi rifahı təmin edir. Səfərin ən mühüm məqamlarından biri də regional sülh və təhlükəsizliklə bağlı səsləndirilən fikirlər oldu. Dövlət başçısı bəyan etdi ki, Cənubi Qafqazın sülh və əməkdaşlıq zonasına çevrilməsi Azərbaycanın əsas hədəflərindən biridir. Ölkəmizin beynəlxalq hüquq normalarına və suverenliyə hörmət əsasında qurduğu bu siyasət bölgədəki digər dövlətlər üçün də bir inkişaf modeli rolunu oynayır.
Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə yüksəlib. Hər iki dövlət arasında siyasi dialoqlar aparılır, beynəlxalq təşkilatlar çərçivəsində dövlətlər bir-birinə qarşılıqlı dəstək verir, ərazi bütövlüyü məsələlərində qarşılıqlı dəstək nümayiş etdirilir.
Prezident İlham Əliyev ikitərəfli gündəliyimizin çox geniş olduğunu önə çəkərək vurğuladı ki, bu gündəlik getdikcə genişlənir. Yeni layihələr, yeni fikirlər ortaya atılır və birgə səylərlə biz bunları həll edirik. Bunun əsas şərti və amili, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdir. Bizim münasibətlər deyə bilərəm ki, bütün qonşular üçün nümunə ola bilər. Çünki onlar qarşılıqlı hörmət, qarşılıqlı inam, ortaq mənfəət, qarşılıqlı maraqlar, dostluq və qardaşlıq üzərində qurulubdur. Əminəm ki, biz bundan sonra da bu yolla uğurla gedəcəyik.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









