Vaşinqtonda Kapitoli polisi İran müharibəsinə qarşı keçirilən etiraz aksiyasından sonra ən azı 62 nəfəri həbs edib.
Rezonans.az xəbər verir ki, bu barədə "The Hill" qəzeti məlumat yayıb.
Qeyd olunur ki, bu etiraz aksiyası zamanı iştirakçılar "Cannon House" ofis binasını ələ keçiriblər.
Etiraz bir neçə veteran və müharibə əleyhinə təşkilat tərəfindən təşkil edilib. Etirazçılar ABŞ zərbələrində həlak olan iranlıların xatirəsinə qırmızı lalələr tutub və "İranla müharibəni dayandırın" çağırışlı bannerlər açıblar. Onlar həmçinin həlak olan amerikalı hərbçiləri simvolizə edən bayraqların açılması mərasimi keçirib və polis müdaxilə etməzdən əvvəl müharibə əleyhinə şüarlar səsləndiriblər.
Təşkilatçıların sözlərinə görə, iştirakçılar Nümayəndələr Palatasının spikeri Mayk Consonla görüş tələb edib və 28 fevralda başlayan münaqişənin maliyyələşdirilməsinə son qoyulmasını istəyiblər.









