Azərbaycan ilə Ukrayna arasında münasibətlər uzun illər ərzində qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında inkişaf etmişdir. Hər iki ölkə müstəqilliklərini bərpa etdikdən sonra siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm vermiş, beynəlxalq platformalarda bir-birinin mövqelərini ardıcıl şəkildə dəstəkləmişdir. Bu münasibətlər zamanın sınağından çıxaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş və regionda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edən mühüm amillərdən birinə çevrilmişdir. Ukrayna Prezidentinin Azərbaycana səfəri və keçirilən görüşlər bir daha göstərdi ki, iki ölkə arasında münasibətlər strateji xarakter daşıyır və çoxşaxəli əməkdaşlıq gündəliyi ilə zəngindir. Siyasi dialoqun intensivliyi, iqtisadi və enerji sahələrində uğurlu layihələr, eləcə də təhlükəsizlik istiqamətində perspektivlər Azərbaycan-Ukrayna tərəfdaşlığının gələcəkdə daha da inkişaf edəcəyini deməyə əsas verir.
Baş tutan səfər Azərbaycan–Ukrayna münasibətlərinin möhkəmləndiyini bir daha təsdiqləyir və Kiyevin etibarlı və konstruktiv tərəfdaşlarla əlaqələri inkişaf etdirmək kursunu əks etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin xarici siyasəti vədlərə deyil, konkret addımlara əsaslanır. Məhz bu yanaşma Azərbaycanı Ukrayna üçün vacib tərəfdaşa çevirir. Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Keçən il iki mühüm hadisə baş vermişdir. Bakıda Xarici İşlər nazirliklərinin məsləhətləşmələri və Hökumətlərarası Komissiyanın iclası keçirilmişdir. Bu gün söhbət əsnasında bu tədbirlərin Ukraynada növbəti dövrdə keçirilməsi haqqında da fikir mübadiləsi aparılmışdır.
Ukrayna enerji təchizatını diversifikasiya etməyə çalışır, Azərbaycan isə Avropa qaz bazarındakı mövqeyini genişləndirir. Bu isə tərəflərin maraqlarının kəsişdiyi nöqtəni yaradır. Artıq Azərbaycan qazının Balkanlar vasitəsilə Ukraynaya çatdırılması marşrutları formalaşır. Sınaq tədarükləri bu sxemin işlək olduğunu göstərib, uzunmüddətli müqavilələrin müzakirəsi isə tərəflərin ciddi niyyətini təsdiqləyir. Ukrayna Prezidentinin aprelin 25-də Azərbaycana rəsmi səfəri təkcə praktiki əməkdaşlıq gündəliyi ilə deyil, münasibətlərin dərin siyasi fəlsəfəsi ilə də diqqət çəkdi. Bu fəlsəfənin mərkəzində isə qarşılıqlı etimad, suverenliyə hörmət və strateji həmrəylik dayanır.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









