Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycan milli komandasının qazandığı böyük uğur ölkəmizin idman tarixində mühüm hadisə kimi qiymətləndirilir. Həm sərbəst, həm yunan-Roma növü üzrə nümayiş etdirilən nəticələr Azərbaycanın bu sahədə Avropanın aparıcı gücü olduğunu bir daha təsdiqlədi. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, müasir dövrdə güləş üzrə rəqabət son dərəcə gərgin olsa da, Azərbaycan idmançıları yüksək peşəkarlıq, iradə və ədalətli mübarizə ilə üstünlüklərini qorumağı bacardılar.Hər dəfə beynəlxalq yarəşlarda bizim bayrağımız ucalanda bütün Azərbaycan xalqı qürur hissi keçirir, sevinir. Bu gün təcrübəli çempionlarla yanaşı, gənc idmançıların da böyük nailiyyətlər əldə etməsi ölkədə məşq sisteminin düzgün qurulduğunu göstərir. Federasiya rəhbərliyində və məşqçi heyətində tanınmış idmançıların təmsil olunması nəsillərarası davamlılığın qorunmasına xidmət edir. Vaxtilə arenalarda qələbə qazanan qəhrəmanların bu gün yeni çempionlar yetişdirməsi Azərbaycan idmanının sistemli inkişaf modelini nümayiş etdirir. Bütün bunlar ölkəmizdə güləşin uğurla inkişaf etdiyini göstərir, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır. Azərbaycan idmançılarının yalnız yarış meydanında deyil, gündəlik həyatda da yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməsi xüsusi önəm daşıyır. Prezidentin vurğuladığı kimi, çempion üçün medal qədər onun cəmiyyətdə nümunəvi davranışı da vacibdir. Bu yanaşma Azərbaycan idmanının təkcə fiziki gücə deyil, həm də yüksək mənəviyyata söykəndiyini göstərir.
Azərbaycan idmanının son onilliklərdəki yüksəlişi yalnız medal statistikası ilə ölçülmür. Bu yüksəliş həm də dövlət başçısının idmana olan şəxsi marağı, idmançılarla mütəmadi görüşləri və hər bir qələbənin milli səviyyədə qeyd edilməsi ilə xarakterizə olunur. Bu dəfə belə bir görüş Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında komanda hesabında çempion olan Azərbaycan güləşçiləri üçün təşkil edildi. Azərbaycanın böyük beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi ölkənin qlobal idman məkanında mövqeyini gücləndirib. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər yarışlar ölkənin təşkilatçılıq imkanlarını və idman diplomatiyasını inkişaf etdirib. Bu proses yalnız imic formalaşdırmaqla kifayətlənmir, eyni zamanda yerli idmançıların beynəlxalq təcrübə qazanmasına, idman turizminin inkişafına və iqtisadi aktivliyin artmasına da töhfə verir. Eyni zamanda, rəqəmsal texnologiyaların və elmi yanaşmaların idman sahəsinə inteqrasiyası da Azərbaycanın idman strategiyasında getdikcə daha çox ön plana çıxır.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










