Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı regionda yeni siyasi və iqtisadi mühitin formalaşmasına, gələcək perspektivlərin müzakirəsi baxımından əlamətdardır. Bir sıra Avropa liderlərinin qatıldığı toplantıda müzakirə olunan məsələlər Avropanın enerji təhlükəsizliyi ilə yanaşı regionda sülh, əlaqələrin dərinləməsi kimi məsələləri əhatə edirdi.
“Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında diqqət çəkən mühüm məqamlardan biri də Azərbaycanın beynəlxalq nüfuzunun daha da güclənməsinin aydın şəkildə hiss olunması idi. Bu gün Azərbaycan yalnız regionun deyil, daha geniş coğrafiyanın strateji əhəmiyyətə malik dövlətlərindən birinə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat layihələri və beynəlxalq əməkdaşlıq sahəsində həyata keçirilən uğurlu siyasət ölkəmizin etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. Zirvə toplantısında regionda kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin genişləndirilməsi və yeni nəqliyyat marşrutlarının formalaşdırılması məsələləri xüsusi aktuallıq daşıyırdı.
Azərbaycanın təşəbbüsü ilə inkişaf etdirilən nəqliyyat və logistika layihələri bu gün Avropa ilə Asiya arasında mühüm bağlantı rolunu oynayır. Şərq-Qərb və Orta Dəhliz layihələrinin genişləndirilməsi təkcə iqtisadi əhəmiyyət daşımır, eyni zamanda region ölkələri arasında qarşılıqlı asılılığı artıraraq siyasi münasibətlərin normallaşmasına da müsbət təsir göstərir. Müasir dövrdə beynəlxalq münasibətlər sistemində regional əməkdaşlıq platformalarının əhəmiyyəti getdikcə artır. “Avropa Siyasi Birliyi” də Avropa məkanında siyasi dialoqun genişləndirilməsi, təhlükəsizlik məsələlərinin müzakirəsi və qarşılıqlı əməkdaşlığın gücləndirilməsi baxımından mühüm platformalardan biri hesab olunur. Zirvə toplantısında Cənubi Qafqazla bağlı məsələlərin diqqət mərkəzində olması isə regionun geosiyasi əhəmiyyətinin daha da artdığını göstərir.
Dövlətimizin başçısı çıxışında postmünaqişə dövründə Cənubi Qafqazın transformasiyası, regional əməkdaşlıq modellərinin yenidən qurulması kimi məsələlərə toxundu.Onlayn formatda etdiyi çıxış təkcə diplomatik protokol hadisəsi kimi deyil, həm də Cənubi Qafqaz regionunda formalaşan yeni geosiyasi reallıqların aydın ifadəsi kimi qiymətləndirilir. Bu çıxış həm region ölkələri, həm də özlərini vasitəçi kimi təqdim edən Avropa institutları üçün prinsipial mesajlarla zəngin idi. Prezident İlham Əliyev çıxışında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin artıq tam təmin olunduğunu vurğulayaraq regionda post-münaqişə dövrünün yeni mərhələsinin başlandığını diqqətə çatdırdı.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









