Qarşılıqlı etimadın təzahürü

img

Prezident İlham Əliyev mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində  keçirilən “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış etdi. Dövlətimizin başçısı dəvətə görə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştaya təşəkkürünü bildirdi və vurğuladı ki, Antonio  Koştanın Azərbaycana iki aydan az vaxt əvvəl etdiyi səfəri zamanı  Zirvə görüşündə iştirakımı müzakirə etdik və razılaşdıq ki, mən tədbirə videobağlantı formatında qoşulacağam: “Mən, həmçinin auditoriyanı məlumatlandırmaq istərdim ki, bir il öncə Tiranaya səfərim zamanı Prezident Koşta və Prezident Fon der Lyayen Zirvə görüşünün 2026-cı ilin mayında Ermənistanda təşkil olunması ideyasına rəyimi soruşdular. Mən dəstəklədim. Öz növbəmdə mən tarazlı yanaşmanın saxlanılması üçün növbəti Zirvə görüşlərindən birinin Azərbaycanda keçirilməsi təklifi ilə çıxış etdim. Təklif qəbul olundu. Beləliklə, mən “Avropa Siyasi Birliyi”nin üzvlərini 2028-ci ilin mayında Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edirəm. Yeri gəlmişkən, Ermənistan, həmçinin namizədliyimizi dəstəklədi. Bu, Azərbaycan ilə Ermənistan arasında sülhün real olmasının aydın göstəricisidir. Biz cəmi doqquz aydır ki, sülh şəraitindəyik və sülhdə yaşamağı öyrənirik”.

Dövlət başçısı İlham Əliyevin bu fikirləri Azərbaycanın ölkələr arasında  münasibətlərdə qarşılıqlı etimada verdiyi önəmi bir daha  təsdiqlədi. Bu, həmçinin Azərbaycanın tarixi Zəfərimizdən sonra regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək, Ermənistanla münasibətlərdə səhifə açmaq istəyindən irəli gələn sülh təklifinin reallaşması ilə iki ölkə arasında qarşılıqlı etimad mühitinin formalaşmasına doğru atılan addımların davamlılığını nümayiş etdirdi. Cənab İlham Əliyev  çıxışında onu da  qeyd etdi ki, ötən ilin avqustunda Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan liderləri Birgə Bəyannamə imzaladılar. Prezident Donald Tramp həmçinin şahid kimi imza atdı. Ermənistanın və Azərbaycanın xarici işlər nazirləri sülh sazişinin mətnini parafladılar. Bizim üçün və əminəm ki, ermənistanlı həmkarlarımız üçün sülh qurulub. Sülhün əldə olunması faktı əsasında Azərbaycan 1990-cı illərin əvvəlindən Ermənistana tətbiq edilən bütün tranzit məhdudiyyətlərini birtərəfli qaydada aradan qaldırdı. İndiyə qədər Ermənistana Azərbaycan ərazisi vasitəsilə 28 min ton yük çatdırılıb. Azərbaycan hətta əlavə addımlar atdı. Biz ilk dəfə olaraq öz neft məhsullarımızı - benzin və dizeli Ermənistana təchiz etməyə başladıq. Beləliklə, ticarət münasibətləri başladı. Bu vaxta qədər 12 min ton neft məhsullarımız Ermənistana ixrac edilib.

  Azərbaycanın həyata keçirdiyi sülh təşəbbüsləri, əldə olunan uğurlu nəticələr beynəlxalq səviyyədə, o cümlədən Avropa Komissiyası tərəfindən yüksək qiymətləndirilir. Ermənistan-Azərbaycan sülh prosesində tutduğu mövqeyə görə Avropa Komissiyasına təşəkkürünü bildirən Prezident İlham Əliyev qeyd etdi ki, əfsuslar olsun  heç də bütün Avropa təsisatları eyni yanaşmanı sərgiləmir. Onlardan biri Avropa Parlamenti, digəri isə Avropa Şurası Parlament Assambleyasıdır (AŞPA).

Görünən budur ki, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası öz mandatlarına uyğun fəaliyyət göstərmək əvəzinə, Azərbaycana qarşı böhtan və şantaj xarakterli qətnamələr qəbul etməklə, qərəzli addımlar atmaqla  məşğuldurlar. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanaraq öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu qurumları narahat edir. Onların bu addımları cavabsız qalmadı. Azərbaycan parlamenti mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işində iştirakına son qoymaq və Avronest Parlament Assambleyasında üzvlüyün dayandırılmasına aid prosedurlara başlamaqla bağlı rəsmi qərar qəbul edib.

Dövlətimizin başçısı İlham Əliyev hər iki qurumun riyakar mövqeyini əsaslı şəkildə diqqətə çatdırdı və bir daha bildirdi ki, sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Xəbəri paylaş: