Sərt nəzarətçi modeli artıq öz aktuallığını itirir və tənzimləyici qurumlar daha çevik yanaşmalara keçməlidir.
Rezonans.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Monitorinqi Siyasəti və Tənzimləmə Departamentinin direktoru Zaur Hacılı deyib.
Onun sözlərinə görə, nəzarət və tənzimləyici orqanların ənənəvi sərt nəzarətçi modeli artıq keçmişdə qalır və əvvəlki yanaşma ilə fəaliyyət göstərmək mümkün deyil: "Xüsusilə sürətlə inkişaf edən fintex texnologiyaları, virtual aktivlər və süni intellekt bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edir".
Z.Hacılı bildirib ki, makroregional nəzarət prizmasından baxdıqda, xüsusən Mərkəzi Asiya ölkələri və Xəzər hövzəsi dövlətlərində komplayens yanaşmaları arasında müəyyən fərqlər mövcuddur. Onun sözlərinə görə, həm normativ bazada, həm də bu qaydaların tətbiqi praktikasında müşahidə olunan uyğunsuzluqlar tənzimləyici arbitrajın və ya "boz zona"ların yaranmasına səbəb olur.
Departament direktoru qeyd edib ki, belə fərqlər iri investorlar, beynəlxalq təşkilatlar və birinci dərəcəli müxbir banklar üçün ölkə riskini artıran əsas amillərdən biri hesab olunur.
Onun qənaətinə görə, yeni tənzimləmə strategiyası innovativ həllərin təhlükəsiz şəraitdə inkişaf etdirilməsini əsas məqsəd kimi müəyyən edir: "Regionumuzda fəaliyyət göstərən tənzimləyici və nəzarət qurumlarında artıq nadir təcrübələr yaranıb. Böyük həcmli verilənlər, yəni "big data" xarakterli məlumatlar toplanır və onların əl ilə analiz edilməsi praktiki baxımdan qeyri-mümkündür. Məhz buna görə nəzarət qurumları artıq geniş miqyasda "suptech" (supervisory technology) texnologiyalarını tətbiq etməyə başlayıblar.
Paralel olaraq, müşahidə olunur ki, müasir innovativ həllər sürətli templə inkişaf edir və əsas hədəf bu texnologiyalara məhdudlaşdırmalar qoymaq deyil. Başlıca prioritet onların təhlükəsiz mühitdə irəliləyişini təmin etməkdir. Xüsusilə kiberhüquq pozuntuları, çirkli pulların yuyulması kimi təhdidlərə qarşı ciddi diqqət göstərilir. Bundan əlavə, istehlakçı və investor hüquqlarının qorunması da əsas istiqamətlərdən birini təşkil edir. Nəzarət qurumları tərəfindən xüsusi tənzimləmə rejimlərindən istifadə edilir və yeni texnologiyalar bu çərçivədə sınaqlardan keçirilir. Bu metod ölkəmizdə innovasiyaların həyata keçirilməsi və inkişafı üçün münasib şərait formalaşdırır".









