Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mövcud olan münasibətlər son illərdə keyfiyyətcə tamamilə yeni mərhələyə qədəm qoymuş, tarixi qardaşlıq bağlarından strateji müttəfiqliyə doğru inkişaf edən bu əlaqələr həm regionun, həm də bütün türk dünyasının diqqət mərkəzinə çevrilmişdir. İki ölkə arasındakı bu sıx əməkdaşlıq ortaq mənşəyə, eyni mədəniyyət köklərinə, qohum dillərə və əsrlər boyu formalaşmış mənəvi dəyərlərə istinad edir. İkitərəfli münasibətlərin vacib elementlərindən biri də hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsidir. İki ölkənin müdafiə nazirlikləri arasında imzalanan fəaliyyət planlarına uyğun olaraq keçirilən birgə taktiki təlimlər, müdafiə sənayesi sahəsində təcrübə mübadiləsi və hərbçilərin peşəkarlığının artırılmasına yönəlmiş addımlar regional təhlükəsizliyin və sabitliyin təmin olunmasında müstəsna rol oynayır.
Dövlətlərarası inteqrasiyanı tamamlayan mühüm amillər arasında mədəni-humanitar sahələrdə əməkdaşlıq da önəmli rol oynayır. Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, mütəmadi təşkil olunan Mədəniyyət Günləri, media forumları və ali təhsil müəssisələri arasındakı birbaşa əməkdaşlıq xalqlarımızın bir-birini daha yaxından tanımasına, gənc nəsillər arasında mənəvi körpülərin sarsılmaz olmasına xidmət edir.
Bu gün Azərbaycan–Özbəkistan münasibətlərinin ən mühüm xüsusiyyəti onun yalnız siyasi bəyanatlarla məhdudlaşmamasıdır. Münasibətlər konkret sənədlər, qarşılıqlı səfərlər, investisiyalar, istehsal layihələri, nəqliyyat marşrutları, təhsil və mədəniyyət proqramları ilə möhkəmlənir. Başqa sözlə, qardaşlıq siyasi leksikondan çıxaraq real əməkdaşlıq mexanizminə çevrilir. Dövlət başçısının müsahibədə vurğuladığı kimi, iki lider arasında mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan–Özbəkistan qardaşlığının möhkəmlənməsində mühüm amildir. Müasir beynəlxalq münasibətlər sistemində liderlər arasında şəxsi etimadın dövlətlərarası əlaqələrə bu qədər sürətlə və geniş miqyasda transformasiya olunması hər zaman müşahidə edilmir. Burada isə siyasi iradə xalqların yaxınlığı ilə üst-üstə düşür və nəticədə münasibətlər daha sürətli dərinləşir. İki ölkə arasında strateji tərəfdaşlıq daha yüksək səviyyəyə – müttəfiqlik münasibətlərinə yüksəlib. Bu proses Azərbaycan və Özbəkistanın regional və beynəlxalq məsələlərdə bir-birinə verdiyi qarşılıqlı dəstəklə yanaşı, iqtisadi, nəqliyyat, enerji, humanitar və digər sahələrdə həyata keçirilən çoxsaylı layihələrdə də öz əksini tapır. Dövlətlərarası münasibətlərin inkişafında iki ölkə liderləri arasında formalaşmış səmimi münasibətlər xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev müsahibəsində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə münasibətlərini səmimi dostluq, qarşılıqlı hörmət və etimad üzərində qurulan əlaqələr kimi xarakterizə edir. Son beş ildə ən yüksək səviyyədə 15 qarşılıqlı səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və dövlətlərarası münasibətlərin yüksək səviyyəsini nümayiş etdirir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










