26 avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması isə bu şəhərin müasir tariximizdəki xüsusi mövqeyini bir daha nümayiş etdirir

26 avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması isə bu şəhərin müasir tariximizdəki xüsusi mövqeyini bir daha nümayiş etdirir

26 Avqust-Laçın Şəhəri Günü Azərbaycan xalqının yaddaşında yalnız tarixi bir şəhərin azadlığı ilə bağlı əlamətdar tarix deyil. Bu gün həm də işğalın ağır nəticələrinin aradan qaldırılmasını, tarixi ədalətin bərpasını, Böyük Qayıdışın gerçəkləşməsini və Qarabağın yeni inkişaf mərhələsinin konkret nəticələrini özündə birləşdirən mühüm dövlətçilik hadisəsidir. Laçın bu gün Azərbaycanın hərbi-siyasi Zəfərinin, dövlət iradəsinin və postmüharibə quruculuq siyasətinin ən aydın nümunələrindən biri kimi diqqət çəkir. Laçının tarixi Azərbaycan dövlətçiliyi və milli yaddaşı baxımından xüsusi əhəmiyyət daşıyır. Laçın Azərbaycan tarixində xüsusi yeri olan şəhərlərdən biridir. Bu ad xalqımız üçün uzun illər doğma torpağa qayıdış arzusu, Vətən həsrəti və azadlıq mübarizəsi ilə bağlı olub. İşğal illərində Laçının itirilməsi böyük ağrı doğursa da, bu torpağın azad ediləcəyinə olan inam heç vaxt sönməyib. Laçının yenidən Azərbaycanın nəzarətinə qaytarılması yalnız ərazi bütövlüyünün təmin olunması deyil, həm də milli iradənin, dövlət gücünün və tarixi ədalətin bərpasının mühüm göstəricisidir. 26 avqustun Laçın Şəhəri Günü kimi qeyd olunması isə bu şəhərin müasir tariximizdəki xüsusi mövqeyini bir daha nümayiş etdirir. Bu tarix Laçının azadlığını, həmin qələbənin əldə olunmasında Azərbaycan Ordusunun qəhrəmanlığını və dövlətimizin iradəsini xatırladan əlamətdar gündür. Eyni zamanda, Laçın Şəhəri Günü gənc nəslə Vətən sevgisinin, tarixi yaddaşın və dövlətçilik dəyərlərinin aşılanması baxımından mühüm əhəmiyyət daşıyır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yenilməz siyasi iradəsi, hərbi strategiyası və xalqımızın dəmir yumruq kimi birliyi sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsində tarixi ədalət bərpa olundu. İmzalanmış 10 noyabr üçtərəfli Bəyanatına əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verildi. Şəhərin və ətraf kəndlərin tam azad olunması üçün dövlətimiz tərəfindən misilsiz sürətlə alternatifi olmayan yeni Laçın dəhlizi çəkildi. Məhz 2022-ci il avqustun 26-da Şanlı Azərbaycan Ordusu Laçın şəhərinə daxil olaraq üçrəngli bayrağımızı ucaltdı. Müzəffər Ali Baş Komandanın “Biz bu torpaqlara qalib kimi qayıtmışıq” ifadəsi xalqımızın milli qürurunu bərpa edən tarixi nida kimi yaddaşlara həkk olundu. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Bu prosesdə Laçın xüsusi yer tutur. Laçın şəhərinin müasir standartlar əsasında yenidən qurulması, infrastrukturun yaradılması, yolların və kommunikasiyaların bərpası, yaşayış binalarının, sosial obyektlərin, məktəblərin və digər müəssisələrin inşası şəhərin gələcək inkişafının möhkəm təməlini formalaşdırır. Laçında aparılan quruculuq işlərinin əsas məqsədi şəhəri müasir, rahat və dayanıqlı yaşayış məkanına çevirməklə yanaşı, onun tarixi simasını və təbii xüsusiyyətlərini qorumaqdır. Şəhərin yenidən qurulmasında ekoloji amillərə, yaşıllıqların artırılmasına və müasir şəhərsalma prinsiplərinə xüsusi diqqət yetirilir. Laçının füsunkar təbiəti şəhərin gələcək turizm potensialının inkişafı üçün də geniş imkanlar yaradır. Bir vaxtlar işğalın ağır nəticələri ilə üzləşən Laçın bu gün yenidən qurulur, abadlaşır və öz sakinlərini doğma torpaqlarında qəbul edir. Laçının yenidən həyata qayıtması Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində aparılan genişmiqyaslı quruculuq prosesinin mühüm tərkib hissəsidir. Bu gün Laçının timsalında biz yalnız keçmişin yaralarını sağaltmır, həm də yeni və daha güclü gələcəyin əsaslarını yaradırıq.  

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi                             

Xəbəri paylaş: