Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 avqust 2026-cı ildə Özbəkistan Respublikasına dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi hadisə kimi yadda qalacaq. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, Ali Dövlətlərarası Şuranın III iclası, mühüm dövlətlərarası sənədlərin imzalanması, yeni iqtisadi layihələrin başlanması və ən əsası, Azərbaycan ilə Özbəkistan arasında Əbədi dostluq haqqında Müqavilənin imzalanması iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini göstərir. Səfərin humanitar və mədəni istiqaməti də Azərbaycan–Özbəkistan münasibətlərinin çoxşaxəli xarakterini göstərir. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni binasının açılması, Yeni Daşkənddə “Azərbaycan” parkının yaradılmasına başlanılması iki xalqın mədəni və mənəvi yaxınlığının mühüm ifadəsidir. Nizami Gəncəvi və Əlişir Nəvai irsini birləşdirən müştərək film layihəsinin hazırlanması da iki ölkənin ədəbi-mədəni əlaqələrinin yeni səviyyəyə yüksəldilməsinə xidmət edəcək. Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafı bütövlükdə Türk dünyasının siyasi və iqtisadi inteqrasiyası baxımından da mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan həm Cənubi Qafqazın, həm də Mərkəzi Asiyanın mühüm dövlətləri kimi iki region arasında əlaqələrin gücləndirilməsində xüsusi rol oynayırlar. Bakı ilə Daşkənd arasında strateji tərəfdaşlığın və müttəfiqliyin dərinləşməsi nəqliyyat, enerji, investisiya, ticarət və humanitar əlaqələrin genişlənməsi üçün yeni imkanlar yaradır. Azərbaycan–Özbəkistan əməkdaşlığının perspektiv istiqamətlərindən biri də birgə logistika mərkəzlərinin yaradılmasıdır. Artıq ölkələrimiz arasında imzalanmış sənədlər, qarşılıqlı investisiya qoyuluşları buna tam əsas verir, eyni zamanda da yük axınlarının artımı, əlverişli coğrafi mövqe bunu zəruri edir. Şübhəsiz ki, belə mərkəzlər, yalnız yüklərin saxlanılması və çeşidlənməsi funksiyasını yerinə yetirməməli, həm də gömrük, sığorta, ekspeditorluq, konsolidasiya, elektron sənədləşmə və multimodal daşımaların idarə edilməsi xidmətlərini də özündə birləşdirməlidir. Azərbaycan–Özbəkistan münasibətlərinin daha bir mühüm istiqaməti regionlararası əlaqələrin inkişafıdır. Daşkənddə keçirilən regionlararası əməkdaşlıq forumunun praktiki əhəmiyyəti də bununla bağlıdır. Çünki ikitərəfli münasibətlərin davamlılığı yalnız mərkəzi hökumətlərin qərarlarından deyil, eyni zamanda şəhərlər, regionlar, sahibkarlar, sənaye müəssisələri, təhsil və mədəniyyət qurumları arasında birbaşa əlaqələrin inkişafından asılıdır. Bu baxımdan regionlararası əməkdaşlıq iqtisadi münasibətlərin coğrafiyasını genişləndirir və yeni tərəfdaşlıqlar üçün imkan yaradır. Prezident İlham Əliyev Azərbaycan və Özbəkistanın Türk Dövlətləri Təşkilatı daxilindəki fəaliyyətinə də geniş yer ayırıb. Hər iki dövlətin TDT daxilindəki aktiv rolu türk dünyasında siyasi dialoqun, iqtisadi və nəqliyyat imkanlarının bütövlükdə inkişafına birbaşa töhfə verir. Xalqların bir-birinə daha da yaxınlaşmasında humanitar bağların və qardaşlaşmış şəhərlər təşəbbüsünün xüsusi rol oynadığını deyən dövlət başçısı, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin müdrik rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı islahatları, xüsusən də modern şəhərsalmanın nadir nümunəsi olan “Yeni Daşkənd” layihəsini yüksək qiymətləndirib, ölkənin kompleks inkişaf tempinin dərin məmnunluq doğurduğunu ifadə edib.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










