İraqın cənubundakı Bəsrə əyalətində yerləşən kimya sənayesi müəssisələrinin birində ammonyak sızması nəticəsində iki nəfər ölüb, azı 50 insan zəhərlənib.
Rezonans.az xəbər verir ki, bu barədə Bəsrə mülki müdafiə qərargahının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, xüsusi briqadalar zavodun 10 işçisini xilas edə biliblər, lakin Xor əz-Zübeyr rayonunda yerləşən gübrə istehsalı müəssisəsində ammonyak sızması zamanı iki nəfər həlak olub: "Ən azı 50 nəfər zəhərlənib. Onların hamısı ən yaxın tibb müəssisəsinə çatdırılıb".
INA-nın məlumatına görə, hadisə yerinə yalnız xilasetmə briqadaları deyil, həm də kimyəvi, bioloji, radiasiya və nüvə təhlükələrinə reaksiya üzrə mütəxəssislər qrupu gəlib.
Mülki müdafiə qərargahının bəyanatına əsasən, dövlət müəssisəsində ammonyak sızması tamamilə nəzarətə alınıb. Obyektdə təhlükəsizliyin təmin edilməsi və vəziyyətin tam lokallaşdırılması üçün bütün zəruri tədbirlər görülüb.
İlkin qiymətləndirməyə görə, insidentə "təsadüfi qaz sızması" səbəb olub.










