20 sentyabr Azərbaycanın müasir dövlətçilik tarixində xüsusi yer tutan əlamətdar günlərdəndir. Bu tarix xalqımızın əsrlər boyu formalaşmış müstəqillik və dövlətçilik iradəsinin, ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda mübarizəsinin məntiqi nəticəsini nümayiş etdirir. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabrın Dövlət Suverenliyi Günü elan edilməsi Azərbaycanın əldə etdiyi tarixi nailiyyətin dövlət səviyyəsində rəsmiləşdirilməsi və gələcək nəsillərin yaddaşında yaşadılması baxımından rəmzi məna daşıyır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda həlledici mərhələ oldu. Xalqın etimadına və Azərbaycan Ordusunun qüdrətinə arxalanan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və yüksək sərkərdəlik məharəti nəticəsində işğal altında olan ərazilərimizin böyük hissəsi azad edildi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin icrası təmin olundu. Bununla Azərbaycan uzun illər davam edən işğala son qoyaraq ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə etdi. Hər bir xalqın tarixində elə günlər var ki, bütöv bir milli mübarizənin, böyük itkilərin, tarixi iradənin və dövlətçilik əzminin rəmzinə çevrilir. Azərbaycan üçün 20 Sentyabr məhz belə tarixlərdəndir. Bu gün artıq yalnız 2023-cü ilin sentyabrında baş verən hadisələrin təqvimdəki ifadəsi deyil, Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının simvoludur. Azərbaycanın əldə etdiyi tam suverenlik həm də gələcəyə yeni məsuliyyət qoyur. Torpaqların azad edilməsi tarixi missiyanın yalnız bir hissəsi idi. İndi qarşıda Qarabağın və Şərqi Zəngəzurun bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, iqtisadi potensialın dövriyyəyə cəlb olunması və azad edilmiş ərazilərin Azərbaycanın ümumi inkişaf məkanına tam inteqrasiyası kimi böyük vəzifələr dayanır. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi də bu baxımdan xüsusi məna daşıyırdı. Çünki Konstitusiya və suverenlik bir-birindən ayrı təsəvvür edilə bilməz. Dövlətin ərazi bütövlüyü və siyasi müstəqilliyi Konstitusion quruluşun əsas dayaqlarıdır. Suverenlik möhkəm olmadıqda dövlətin hüquqi sistemi də tam gücü ilə fəaliyyət göstərə bilmir. Bu gün Azərbaycanın bütün ərazisində dövlət hakimiyyətinin təmin olunması isə müstəqil dövlətçiliyimizin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Bu gün Azərbaycanın qarşısında yeni imkanlar açılıb. Tam suverenlik daxili sabitliyin daha da möhkəmləndirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi, regionların bərabər inkişafının təmin edilməsi və ölkənin beynəlxalq mövqelərinin daha da gücləndirilməsi üçün mühüm siyasi zəmin yaradır. Ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycan artıq öz gələcəyini daha böyük inamla planlaşdırır. Dövlət başçımız İlham Əliyevin son 20 illik prezidentlik fəaliyyəti zamanı reallığa çevirdiyi bütün uğurların şahidləriyik. 20 il öncə xalqımız etimad mandatı verərək özünə Prezident seçdiyi İlham Əliyevə inandı, güvəndi və səbirlə gözlədi. Sözü imzası qədər keçərli olan Azərbaycan Prezidenti tam müstəqil siyasəti ilə 20 ildə Ermənistanı dünyada işğalçı dövlət kimi tanıda bildi. Bununla bağlı beynəlxalq təşkilatlarda qətnamələrin, bəyanatların qəbul olunmasına nail oldu.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










