27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi 44 gün davam etdi. Lakin həmin müharibənin səbəblərini yalnız 2020-ci ilin sentyabrında baş verən hadisələrlə izah etmək mümkün deyil. Münaqişənin kökləri uzun illər davam edən işğal, beynəlxalq hüququn tələblərinə məhəl qoyulmaması, danışıqlar prosesinin nəticəsiz saxlanılması və Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş siyasətlə bağlı idi. 27 sentyabr 2020-ci il Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı oldu. 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarını, Şuşa şəhərini və çoxsaylı yaşayış məntəqələrini azad etdi. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm nəticə əldə edildi. Anım Gününün mahiyyəti yalnız keçmişi xatırlamaqdan ibarət deyil. Bu tarix gələcək nəsillərə Vətən, dövlətçilik və milli birlik anlayışlarının əhəmiyyətini çatdırmaq baxımından da böyük əhəmiyyət daşıyır. Şəhidlərimizin həyatını və mübarizəsini xatırlamaq həm də müstəqil Azərbaycanın hansı ağır sınaqlardan keçərək bu günə gəldiyini dərk etmək deməkdir. 27 Sentyabr tarixində şəhidlərimizi yad edərkən onların qarşısında ən böyük borcumuz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, ölkəmizin inkişafına öz töhfəmizi verməkdir. Şəhidlərin xatirəsi yalnız sözlə deyil, əməllə yaşadılmalıdır. Bu müqəddəs gündə Vətən müharibəsində canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların ailələrinə, yaxınlarına dərin ehtiram və minnətdarlığımızı bildiririk. Onların qəhrəmanlığı Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda, Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. Ermənistan silahlı qüvvələri tərəfindən vurulan zərbələr nəticəsində azərbaycanlı dinc əhalinin sıx yaşadığı rayon və şəhərlərin ərazisinə 30 minə yaxın mərmi və 227 raket atılmışdı. Döyüş meydanında məğlub duruma düşən Ermənistan davamlı şəkildə Gəncəyə, Mingəçevirə, Tərtərə, Bərdəyə, Qəbələyə və digər yaşayış məntəqələrimizə raket hücumları edərək müharibə və insanlıq əleyhinə cinayətlər törətmişdi. Ermənistanın silahlı birləşmələri tərəfindən mülki şəxslərin çoxsaylı əmlakına ciddi ziyan vurulmuş, yaşayış evləri, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış sahələri dağıdılmışdı. Ümumilikdə, düşmən tərəfin silahlı birləşmələrinin dinc əhalini atəşə tutması nəticəsində 12 azyaşlı və 27 qadın olmaqla 93 nəfər qətlə yetirilmiş, 50 azyaşlı və 101 qadın olmaqla 407 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almışdı. Hər il sentyabrın 27-si Anım günündə xalqımız Vətən müharibəsi şəhidlərinin xatirəsini böyük hörmət və sayğı ilə yad edir. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anılır. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bir daha bildirmək üçün bu gün təsis edilmişdir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










