Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üzrə Dövlət Proqramına həsr olunmuş müşavirənin keçirilməsi Azərbaycanın qeyri-neft sektorunun inkişafı baxımından mühüm hadisədir. Müşavirədə səsləndirilən fikirlər və qarşıya qoyulan vəzifələr göstərir ki, qarşıdakı illərdə ölkənin mineral resurslarından daha səmərəli istifadə edilməsi, xammalın ölkə daxilində emalının genişləndirilməsi və yeni sənaye istehsal zəncirlərinin yaradılması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilir. Prezident İlham Əliyevin çıxışında xüsusi vurğulanan əsas məsələlərdən biri dağ-mədən sənayesində xammaldan son məhsula qədər tam istehsal zəncirinin yaradılmasıdır. Bu yanaşma yalnız hasilatın artırılmasını deyil, hasil olunan filizin zənginləşdirilməsi, emalı, yarımfabrikat və hazır məhsul istehsalının ölkə daxilində təşkilini nəzərdə tutur. Beləliklə, mineral ehtiyatların sadəcə ixrac predmetinə deyil, daha yüksək əlavə dəyər yaradan sənaye məhsuluna çevrilməsi qarşıya məqsəd qoyulur. Müşavirənin siyasi-iqtisadi əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan təbii ehtiyatlarını yalnız mövcud gəlir mənbəyi kimi deyil, uzunmüddətli sənaye inkişafının bazası kimi nəzərdən keçirir. Bu yanaşma qeyri-neft sektorunun şaxələndirilməsi, yerli istehsalın genişləndirilməsi və ixrac strukturunun daha da inkişaf etdirilməsi məqsədləri ilə uzlaşır. Dağ-mədən sənayesinin konkret perspektivlərindən danışarkən Prezident Avropa qitəsinin ən böyük yataqlarından sayılan "Filizçay" polimetal yatağını xüsusi qeyd edib. Balakən rayonunda yerləşən bu yataq təkcə region üçün deyil, bütün qitə miqyasında ən perspektivli kolçedan-polimetal filiz obyektlərindən biri hesab olunur və qızıl, gümüş, mis, sink və qurğuşun kimi qiymətli metalların böyük ehtiyatlarını özündə cəmləşdirir. Yatağın istismara hazırlanması istiqamətində davam edən işlər ölkənin xammal bazasının genişləndirilməsi və emal zəncirinin tam qurulması baxımından mühüm addım kimi dəyərləndirilir. “Azərbaycanda 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı” sadəcə bir iqtisadi sənəd deyil, ölkəmizin regionda və qlobal miqyasda sənaye nəhənginə çevrilməsinin mükəmməl yol xəritəsidir. Keçirilən yüksək seviyyəli müşavirədə dövlət başçısı ölkənin iqtisadi potensialını tam gücü ilə hərəkətə gətirməyin vaxtı çatdığını bəyan etdi. Bu kontekstdə dağ-mədən sənayesi və metallurgiya sektoru neft-qaz ssenarisindən sonra Azərbaycanın ən böyük iqtisadi hərəkətverici qüvvəsi olmağa namizəddir. Müşavirədə çıxış edən dövlət başçısı dağ-mədən və metallurgiya sənayesinin inkişafını ölkənin ümumi sənayeləşmə siyasətinin keyfiyyətcə yeni mərhələsi kimi qiymətləndirdi. Müasir dövrdə ağır sənayenin, xüsusilə metal filizlərinin hasilatı və emalının daxili istehsal zəncirini necə gücləndirəcəyi xüsusi qeyd olundu. Prezident İlham Əliyev bu istiqamətin milli iqtisadiyyata gətirəcəyi yeniliyi vurğuluyaq bildirdi. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı ilə ölkəmizdə yeni, müasir sənaye istiqaməti yaradılacaqdır. Dövlət Proqramının ən vacib hədəflərindən biri hələ tam istismara verilməmiş və ya kəşfiyyat gözləyən zəngin yeraltı resursların səmərəli idarə olunmasıdır. Ölkəmiz əvəzolunmaz qızıl, mis və xüsusilə yüksək texnologiyalarda istifadə edilən molibden yataqlarına malikdir. İqtisadiyyatın bu sahəsinə elmi-texniki və müasir geoloji yanaşmaların tətbiqi vacib şərtdir. Azərbaycanın iqtisadi modelinin ən uğurlu cəhətlərindən biri də inkişafın yalnız paytaxt Bakı ilə məhdudlaşmaması, regionlara sürətlə yayılmasıdır. Bu pragmatik yanaşma nəticəsində bu gün ölkənin dörd bir tərəfində fəaliyyət göstərən sənaye zonaları və aqroparklar regionlarda məşğulluğu təmin edir, yerli istehsalı stimullaşdırır. Prezident İlham Əliyev regional infrastrukturun hazırkı yüksək vəziyyətini qiymətləndirərək bəyan etdi.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










