Hər dövlət özünün Konstitusiyasına əsaslanır. Bu, heç bir dövlətin siyasətinin nüfuz edə bilməyəcəyi qanunvericilik hüququdur. Azərbaycan müstəqil dövlət kimi özünün təhsil sistemini də müəyyənləşdirib, təhsilin aparılması metodlarını da, bu istiqamətdə qanunlarını da. Bunlar dövlətin dövlətçiliyə xidmətləri sırasındadır. Orta təhsil on illik olub, indi on bir illikdir. Azərbaycan dövləti özünün məktəbli vətəndaşlarının geyim formasını da müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti qərar qəbul edib. Dövlətin qəbul etdiyi qərara müəyyən qruplar tərəfindən idarə edilən vətəndaşların etirazı və bu səviyyədə etirazı düşünülmüş, planlaşdırılmış insidentdir. Azərbaycanda təhsil vətənpərvərliyin formalaşması prosesinin başlanğıcıdır. Bu baxımdan məktəblər Azərbaycanın sabahlarının vətəndaşlarını formalaşdırır. Vahid məktəbli forması şagirdlərin qarşılıqlı münasibətlərində uyğunluq, sosial tarazlıq, bunların vasitəsilə qarşılıqlı anlaşma və mehribanlıq yaratmalıdır. Belə olarsa, şagirdin düşüncələri tədrisdən də yayınmaz. Bunu təhsil siyasəti də tələb edir. Müəyyənləşdirilən geyim formasındakı dəyişikliklər, təhsil müəssisələrində geyim normaları şagirdlərin hüquqlarını zərrəcə pozmur, geyimin səliqəli, baxımlı olmasını təmin edir, həm də təhsilin dünyəvilik amilinin saxlanılması təmin olunur. Azərbaycanda müxtəlif dinlərə mənsub vətəndaşlar yaşayır. Onların etiqadları qanunla qorunur. Bu qərar uşaqların uşaq dünyasının yad təsirlərdən qorunmasını da zəruriləşdirib.Uşaq psixologiyasına dini aspektdən yanaşmanın hansı psixoloji deformasiyalar yarada biləcəyini unutmaq olmaz. “Uşaq hüquqları haqqında” Qanun da valideynlərin uşaqlarını dini əqidələrinə uyğun tərbiyə etmək hüququnu tanıyır, lakin bu tanıma valideynlərə uşaqlarını dinə etiqad etməyə yönləndirməsi, müəyyən mənada, hicabın nə olduğunu başa düşməyən uşağa hicab bağlamağa meyilləndirməsi, təkid etməsi qadağan olunur. Milli dəyərlərimiz, Azərbaycan ailə modeli, milli təəssübkeşlik və vətənpərvərlik bir-biri ilə qaşılıqlı əlaqədə böyük mənəvi gücə çevrilir. Hər biri ayrılıqda, hamısı vəhdətdə Azərbaycanda yüksək səviyyəli təhsil sisteminin formalaşmasının istiqamətləridir. Dünyəviliyi unutmaq, islami dəyərlərin mahiyyətini tam dərk etmədən qız uşaqlarının uşaqlıq dünyasını əllərindən almaq nə valideynlərə, nə bu və ya digər quruma bağışlanmamalıdır. Son dövrlərdə vahid məktəbli forması, müəllimlərin geyim üslubu və təhsil müəssisələrində müəyyən edilmiş qaydalar ətrafında müzakirələrin aparılması da məsələyə məhz bu baxımdan yanaşmağı zəruri edir. Fikir bildirmək, mövcud tələbləri müzakirə etmək, onların tətbiqi ilə bağlı suallar qaldırmaq təbii haldır. Lakin müzakirə şəxsi narazılıqların, əsassız iddiaların və emosional yanaşmaların təsiri altına düşəndə əsas məqsəd arxa plana keçir. Ən təhlükəlisi isə budur ki, uşaqların təhsili və tərbiyəsi ilə bağlı məsələlərdə böyüklərin mübahisələri məktəbin nüfuzuna və sağlam təhsil mühitinə zərər vura bilir. Bu səbəbdən mövqe aydın olmalıdır. Məktəbdə qayda-qanun, qarşılıqlı hörmət və peşəkar davranış təsadüfi seçim deyil, sağlam təhsil mühitinin zəruri şərtlərindəndir.
Vahid məktəbli formasına yalnız geyim məsələsi kimi baxmaq mövzunun mahiyyətini daraltmaq deməkdir. Məktəbdə intizamdan danışarkən diqqəti yalnız şagirdlərin geyiminə yönəltmək düzgün olmazdı. Müəllimin peşəkar görünüşü, davranışı və şəxsi nümunəsi də təhsil mühitinin mühüm hissəsidir. Müəllim sadəcə fənn tədris edən şəxs deyil. O, uşaqların davranışına, ünsiyyətinə, həyata münasibətinə və mənəvi inkişafına təsir göstərən nüfuz sahibidir. Bəzən müəllimin bir cümləsi, bir davranışı və ya bir nümunəsi şagirdin yaddaşında uzun illər qalır. Buna görə də müəllimin peşəkarlığı yalnız dərs biliyi ilə ölçülmür; onun ünsiyyət mədəniyyəti, məsuliyyəti, ədaləti, xarici görünüşü və kollektivdə davranışı da bu anlayışın tərkib hissəsidir. Şagirdə səliqə, məsuliyyət və qaydalara hörmət aşılayan müəllimin özünün də bu dəyərləri davranışı ilə nümayiş etdirməsi vacibdir. Müəllimin görünüşü şagirdlərin diqqətini dərsdən yayındırmamalı, onun hərəkət imkanlarını məhdudlaşdırmamalı, gündəlik pedaqoji fəaliyyətinə mane olmamalıdır. İşgüzar üslub həm rahatlığı, həm də peşəkarlığı təmin etməlidir. Bununla belə, müəllimin peşəkar nüfuzunu yalnız geyimlə ölçmək olmaz. Ən bahalı və ya ən vahid geyim belə zəif biliyi, məsuliyyətsizliyi, ədalətsiz münasibəti və pedaqoji səriştəsizliyi ört-basdır edə bilməz. Müəllimin əsas nüfuzu onun biliyindən, zəhmətindən, davranışından və şagirdlərinə münasibətindən yaranır. Geyim isə həmin peşəkarlığı tamamlayan amillərdən biridir. Ona görə də müəllimlərin geyimi ilə bağlı tələblər müəyyən edilərkən onların rahatlığı, sağlamlığı, iş şəraiti, iqtisadi imkanları və pedaqoji fəaliyyətin xüsusiyyətləri nəzərə alınmalıdır. Vahid üslub zəruri hallarda peşəkar mühiti gücləndirə bilər, lakin onun tətbiqi formal görüntüyə çevrilməməli, müəllimin ləyaqətinə və hüquqlarına hörmətlə müşayiət olunmalıdır.
Arifə Abbasova
YAP rayon təşkilatının məsləhətçisi










