Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi

Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi

Azərbaycanın zəngin dövlətçilik tarixi xalqımızın azadlıq əzmini, milli birliyini və Vətənə sonsuz bağlılığını əks etdirən, gələcək nəsillər üçün qürur və iftixar mənbəyinə çevrilən möhtəşəm hadisələrlə zəngindir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə 2020-ci ildə qazanılmış möhtəşəm Zəfər xalqımızın taleyində yeni dövrün əsasını qoymuş, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi dönüş yaratmışdır. Bu Zəfərin mühüm səhifələrindən biri də 25 oktyabr 2020-ci ildə Qubadlı şəhərinin Ermənistanın uzun illər davam edən işğalından azad edilməsidir. 25 Oktyabr - Qubadlı Şəhəri Günü Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın mübarizə əzminin və Ordumuzun qəhrəmanlığının təcəssümüdür. Tarixi Zəfərdən sonra Qubadlının həyatında yeni inkişaf mərhələsi başlanmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, müasir yaşayış və sosial infrastruktur yaradılır. Qubadlı şəhərinin Baş planına uyğun yenidən qurulması, ilk yaşayış məhəlləsinin təməlinin qoyulması, Mahruzlu və Zilanlı kəndlərinin bərpası Böyük Qayıdış Proqramının mühüm istiqamətlərindəndir. Bu layihələr keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və layiqli qayıdışına, əhalinin rifahının yüksəldilməsinə və rayonun iqtisadi potensialının inkişafına xidmət edir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda mübarizənin həlledici mərhələsi oldu. Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın azadlığına qovuşması istiqamətində mühüm nailiyyətlər əldə edildi. 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərinin işğaldan azad edilməsi Azərbaycan tarixinin şanlı səhifələrindən birinə çevrildi. Bu tarixi hadisə yalnız ərazi bütövlüyümüzün bərpası istiqamətində mühüm addım deyil, həm də illərlə doğma yurd həsrəti ilə yaşayan insanların qəlbində yeni ümidlərin yaranması demək idi. Qubadlı şəhərinin azadlığı Azərbaycan əsgərinin şücaətini, xalqımızın birliyini və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Qubadlı rayonunda bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şəhərdə ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin və 91 çarpayılıq Mərkəzi Xəstəxananın, eləcə də Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub. Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin tikintisinə cari il iyunun 16-da başlanılıb. Ümumi sahəsi 3,34 hektar olan yaşayış kompleksində 14-ü üçmərtəbəli, 7-si dördmərtəbəli olmaqla, ümumilikdə 21 binanın inşası nəzərdə tutulub. Kompleksdə əsasən iki və üçotaqlı olmaqla, 176 mənzil yerləşəcək. Artıq binaların bünövrə işləri tamamlanıb, tikinti işləri davam etdirilir. Rayonun Mahruzlu və Zilanlı kəndlərində də yenidənqurma işləri aparılır. Mahruzlu kəndinin birinci mərhələdə 40 hektar ərazisində 190 ev tikilir və 836 sakinin məskunlaşdırılması planlaşdırılır. Ümumi sahəsi 180 hektar nəzərdə tutulan Zilanlı kəndində isə ilk mərhələdə 159 evin inşası və 772 nəfərin məskunlaşdırılması planlaşdırılıb. Gələcəkdə kənddə 630 ailənin, ümumilikdə 2 520 nəfərin yaşaması nəzərdə tutulur. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: