Dövlətimizin başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Rəşadətli Ordumiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün addım-addım irəli gedərək tariximizin şanlı Zəfər səhifələrini yazdı. Artıq altı ildir ki, torpaqlarımızın işğaldan azad edildikləri tarixləri böyük qürur hissi ilə qeyd edirik. 30 ilə yaxın dövrdə torpaqlarımızı işğal altında saxlayan ermənilərin bu ərazilərimizdə törətdikləri vəhşiliklərin miqyası ölçüyəgəlməzdir. Bütün ərazilər tamamilə dağıdılıb, tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Altı ildir sahibinə qovuşmuş torpaqlarımız çal-çağırlı dövrünü yaşayır. Tarixi Zəfərimizdən dərhal sonra Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfər etməklə bərpa-quruculuq işlərinin anonsunu verdi. Müharibədən dərhal sonra bərpa işlərinə başlamaqla Azərbaycan dünya hərb tarixində ilkə imza atdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı və 44 gün davam edən əks-hücum əməliyyatlarının 29-cu günü, oktyabrın 25-də Qubadlı şəhəri erməni işğalından azad edildi. Dövlət başçısının böyük əminliklə qeyd etdiyi kimi, bundan sonra 25 oktyabr tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək. Dövlət başçısı İlham Əliyev 2021-ci il 25 oktyabr tarixində Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Mən bu gün Qubadlı rayon sakinlərini Qubadlıya dəvət etmişəm. Qubadlıya xoş gəlmisiniz. Bu gün Qubadlı rayonunun tarixində əlamətdar və tarixi bir gündür. Düz bir il bundan əvvəl müzəffər Azərbaycan Ordusu Qubadlını erməni işğalından azad etmişdir vəbundan sonra 25 oktyabr bizim tariximizdə əbədi Zəfər günü kimi qeyd ediləcək” söyləyərək onu da vurğulamışdır ki, hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir. İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq və o vaxt, əlbəttə, heç kim deyə bilməzdi müharibə nə qədər davam edəcək. 25 oktyabr müharibənin gedişatında önəmli yer tutub. Çünki Qubadlı azad olunandan sonra Laçın istiqamətində yolumuz açıldı və bir neçə gündən sonra Laçının cənub hissəsində yerləşən kəndlər də azad edildi. Laçın dəhlizi nəzarətə götürüldü. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq. Prezident İlham Əliyevin Sərəncamı əsasında Zəfərimizin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edilib. 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Bu tarix bizə Zəfərimizin sevincini yaşatmaqla yanaşı, işğal dövrünü bir daha yada salmağa çağırış edir.
Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub şərqində yerləşir. Rayonun sahəsi 802 kvadrat kilometrdir. Səthi əsasən dağlıqdır. Qubadlı rayonu qərbdən 120 km məsafədə Ermənistan Respublikası ilə, Şimaldan Laçın rayonu, Xocavənd rayonu, şərqdən Cəbrayıl rayonu, cənubdan isə Zəngilan rayonu ilə həmsərhəddir. Kəndlərin əksər hissəsi Həkəri və Bərgüşad çayları ətrafında yerləşir. Ümumilikdə rayonda 79.812 hektar torpaq fondu vardır. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olundu. Digər ərazilərimiz kimi, Qubadlı rayonunda da bərpa işləri geniş miqyas alıb. Cənab İlham Əliyevin son altı ildə Qubadlı rayonuna 4 səfəri olub. Bu səfərlər çərçivəsində bir sıra sosial obyektlərin açılışı və təməlqoyma mərasimləri keçirilib. Prezident İlham Əliyev 2021-ci ildə Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bu hədəfi də açıqlamışdır ki, qubadlılıları buraya yerləşdirmək üçün əlbəttə ki, çox böyük işlər görüləcək. Burada infrastruktur işləri birinci sıradadır. İndi Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir ki, bu yoldan insanlar rahat istifadə etsinlər. Eyni zamanda, burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün imkan olsun. Prezident İlham Əliyevin Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atdığı addımlar davamlıdır. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edilib. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










