Üçrəngli bayrağımızın azad torpaqlarda dalğalanması Zəfərin ən mühüm nəticələrindəndir

Üçrəngli bayrağımızın azad torpaqlarda dalğalanması Zəfərin ən mühüm nəticələrindəndir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş, dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Bu tarix xalqımızın uzun illər qəlbində yaşatdığı torpaq həsrətinin sona çatmasının, milli iradənin, dövlət əzminin və hərbi qüdrətin təntənəsidir. Zəfər yalnız hərbi qələbə deyil, həm də Azərbaycanın müstəqillik tarixində yeni mərhələnin başlanğıcıdır. Bu Qələbə uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin, iqtisadi və hərbi potensialın gücləndirilməsinin, xalq-ordu birliyinin məntiqi nəticəsi kimi tarixə düşmüşdür. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq” fikri Zəfərə aparan yolun əsas mahiyyətini ifadə edir. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatları və yaşayış məntəqələrimizi atəşə tutması Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlamasına səbəb oldu. Beləliklə, 44 günlük Vətən müharibəsi başlandı. Azərbaycan Ordusu müharibənin ilk günlərindən etibarən uğurlu əməliyyatlar həyata keçirərək düşmənin müdafiə xətlərini yarıb irəlilədi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və digər ərazilərin azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaratdı. Prezident İlham Əliyevin “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi” fikri hərbçilərimizin döyüş meydanında nümayiş etdirdiyi əzmi və ardıcıl uğurları ifadə edir. Noyabrın 8-də Şuşanın azad edilməsi isə müharibənin taleyini həll edən mühüm hadisələrdən biri oldu. Mürəkkəb dağlıq relyefdə aparılan döyüşlər Azərbaycan əsgərinin qəhrəmanlığını, peşəkarlığını və yüksək döyüş ruhunu nümayiş etdirdi. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Sənədə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması, bölgədə atəşkəsin təmin olunması və digər məsələlər müəyyənləşdirildi. Bununla da Azərbaycan Ordusunun döyüş meydanında qazandığı uğurlar siyasi nəticələrlə möhkəmləndirildi. Prezident İlham Əliyevin “Ona görə Qələbəyə aparan yol müxtəlif istiqamətlərdən keçmişdir. Əlbəttə ki, güclü Silahlı Qüvvələrin yaradılması əsas vəzifə idi və biz bunu yaratdıq” fikri Qələbənin əldə olunmasında ordunun rolunu bir daha ön plana çəkir. Zəfərdən sonra Azərbaycanın əsas məqsədlərindən biri regionda davamlı sülhün təmin olunması oldu. Prezident İlham Əliyevin “Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh. İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır” bəyanatı ölkəmizin mövqeyini ifadə edir. Azərbaycan regional sabitliyin, qarşılıqlı suverenliyə hörmətin və beynəlxalq hüquq normalarına əsaslanan münasibətlərin tərəfdarıdır. Davamlı sülhün təmin edilməsi regionun iqtisadi və nəqliyyat imkanlarının genişlənməsi üçün də mühüm əhəmiyyət daşıyır. Zəfər tarixinin əbədiləşdirilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə Bakıda Zəfər parkı və Zəfər muzeyi yaradılıb. Bu məkanlar xalqımızın qəhrəmanlıq salnaməsini, şəhidlərimizin fədakarlığını və Azərbaycan Ordusunun döyüş yolunu yaşadan mühüm mənəvi ünvanlardır. Prezident İlham Əliyevin “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər” fikri Zəfərin milli yaddaşımızdakı əbədi yerini ifadə edir. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri azad edilmiş ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsidir. Dövlət başçısının “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq” bəyanatı bu mərhələnin əsas istiqamətini müəyyənləşdirir. Qarabağ və Şərqi Zəngəzurda yollar, körpülər, hava limanları, yaşayış kompleksləri, məktəblər və sosial obyektlər inşa olunur. Ağalı kəndində “Ağıllı kənd” layihəsinin həyata keçirilməsi, yeni yaşayış məntəqələrinin salınması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı bu quruculuq siyasətinin real nəticələridir. İşğaldan azad edilmiş ərazilər artıq ölkənin iqtisadi, sosial və mədəni inkişafının yeni mərkəzlərinə çevrilir. Zəfərin ən böyük mənəvi dayaqlarından biri də şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısıdır. Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın ailələrinin sosial müdafiəsi, qazilərimizin sağlamlığının bərpası, reabilitasiyası və məşğulluğunun təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır... Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır”. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailələrinə dəstək göstərilməsi və qazilərimizin cəmiyyətə inteqrasiyası həm dövlətin, həm də cəmiyyətin mənəvi borcudur. 8 Noyabr – Zəfər Günü Azərbaycanın keçdiyi şərəfli yolun, milli birliyinin, dövlətçilik iradəsinin və hərbi qüdrətinin təcəssümüdür. Bu Qələbə ölkəmizin tarixində yeni səhifə açdı, ərazi bütövlüyümüzün bərpasına, dövlət suverenliyimizin tam təmin olunmasına və azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq işlərinə yol açdı. Bu gün Qarabağda həyatın yenidən canlanması, ailələrin doğma yurdlarına qayıtması və üçrəngli bayrağımızın azad torpaqlarda dalğalanması Zəfərin ən mühüm nəticələrindəndir. 

Arifə Abbasova

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: