9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli dövlətçilik tarixində xüsusi yeri olan, müstəqilliyimizin, azadlığımızın və milli birliyimizin təntənəsini ifadə edən əlamətdar gündür. Üçrəngli bayrağımız Azərbaycan xalqının əsrlər boyu yaşatdığı azadlıq ideallarının, milli kimliyinin, tarixi yaddaşının və gələcəyə olan inamının müqəddəs rəmzidir. Bu bayraq yalnız dövlət atributu deyil, həm də xalqımızın mübarizə əzmini, milli iradəsini və müstəqil yaşamaq haqqını özündə təcəssüm etdirən mənəvi dəyərdir. Müstəqilliyimizin bərpasından sonra üçrəngli bayrağımızın dövlət atributu kimi hüquqi statusunun möhkəmləndirilməsi, onun qorunması və təbliği istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Dövlət bayrağının ölkəmizin dövlət rəmzlərindən biri kimi təsbit olunması milli dövlətçilik sistemimizin hüquqi əsaslarını daha da gücləndirdi. 9 Noyabr – Dövlət Bayrağı Günü hər birimiz üçün yalnız bayram deyil, həm də müstəqilliyimizin dəyərini, dövlətimizin gücünü və milli məsuliyyətimizi dərindən dərk etmək günüdür. Üçrəngli bayrağımız keçmişimizdən gələcəyimizə uzanan milli yaddaşımızın, azadlıq iradəmizin və dövlətçilik əzminin əbədi rəmzi olaraq daim ucalarda dalğalanacaqdır. Azərbaycan Dövlət Bayrağının hər bir rəngi dərin ideoloji məna daşıyır. Əslində, burada Şərq və Qərb mədəniyyətlərinin, milli ənənələrlə müasir inkişafın, tarixi köklərlə gələcək hədəflərin vəhdəti öz əksini tapır. Azərbaycanın dövlətçilik tarixində Dövlət Bayrağının xüsusi yeri var. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər nəticəsində üçrəngli bayrağımız işğaldan azad edilmiş 300-dən çox yaşayış məntəqəsində ucaldı. Bu mənzərə Azərbaycan xalqının onilliklər ərzində gözlədiyi tarixi ədalətin təntənəsi idi. Vaxtilə işğal nəticəsində endirilmiş bayrağımızın yenidən doğma torpaqlarımızda dalğalanması milli qürur və tarixi yaddaş baxımından misilsiz əhəmiyyət daşıyırdı. 2023-cü il sentyabrında keçirilmiş antiterror tədbirləri nəticəsində isə Azərbaycanın bütün ərazisində suverenliyi tam bərpa olundu. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində və Əsgəran qəsəbəsində Dövlət Bayrağını ucaltdı. Beləliklə, üçrəngli bayrağımız ölkəmizin bütün ərazisində dalğalanır. Bu gün Azərbaycan Bayrağı beynəlxalq arenada da müstəqil və güclü dövlətin rəmzi kimi tanınır. Azərbaycan Respublikasının Dövlət Bayrağı milli kimliyimizin, dövlət müstəqilliyimizin və suverenliyimizin ən mühüm rəmzlərindən biri olmaqla yanaşı, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, azadlıq ideallarını və milli həmrəyliyini özündə təcəssüm etdirir. Üçrəngli bayrağımızın tarixi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin, milli özünüdərkin və dövlətçilik iradəsinin parlaq təzahürüdür. Dövlət Bayrağının ictimai və siyasi əhəmiyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlər sırasında Bakıda Dövlət Bayrağı Meydanının yaradılması xüsusi yer tutur. Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli Sərəncamı ilə əsası qoyulan bu layihə Azərbaycanın dövlətçilik rəmzlərinə verdiyi yüksək dəyərin ifadəsinə çevrildi. 2010-cu il sentyabrın 1-də meydanın təntənəli açılışı keçirildi, həmin ilin noyabrın 9-da isə Dövlət Bayrağı Muzeyi fəaliyyətə başladı. Muzeydə müxtəlif tarixi dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin və xanlıqların bayraqlarının, eləcə də milli dövlətçilik tariximizi əks etdirən eksponatların nümayiş etdirilməsi tarixi irsin qorunması və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










