1959-cu ilin isti iyul günləri Azərbaycan və Vyetnam xalqlarının yaddaşına qızıl hərflərlə həkk olunmuşdur. Həmin vaxt Vyetnam Demokratik Respublikasının Prezidenti, Vyetnam xalqının böyük oğlu Ho Şi Minin Bakıya etdiyi unudulmaz səfər iki ölkə arasındakı qardaşlıq və tərəfdaşlıq münasibətlərinin təməl daşına çevrildi. Coğrafi baxımdan bir-birindən minlərlə kilometr uzaqda yerləşən, lakin azadlıq eşqi, zəhmətkeşlik və mübarizə əzmi kimi ortaq dəyərlərlə birləşən iki xalqın dostluğu məhz həmin tarixi görüşdən sonra yeni mərhələyə qədəm qoydu.Azərbaycan və Vyetnam xalqlarını birləşdirən əsas amillərdən biri müstəqilliyə, azadlığa və milli inkişafa verilən yüksək dəyərdir. Hər iki xalq öz tarixində mürəkkəb sınaqlarla üzləşmiş, milli maraqlarını qorumaq və dövlətçiliyini möhkəmləndirmək uğrunda mübarizə aparmışdır. Bu ortaq tarixi təcrübə xalqlarımız arasında qarşılıqlı anlaşmanın və hörmətin formalaşmasına kömək etmişdir. Bu gün Azərbaycan ilə Vyetnam arasında münasibətlər müxtəlif istiqamətlərdə inkişaf edir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, ticarət, təhsil, mədəniyyət və turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlığa və qarşılıqlı dəstəyə önəm verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət ölkəmizin Asiya dövlətləri ilə əlaqələrinin genişlənməsinə də mühüm töhfə verir. Vyetnamla münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində dostluq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinin təzahürüdür. Bu əlaqələrin daha da möhkəmlənməsi hər iki ölkənin iqtisadi və siyasi maraqlarına xidmət edir. Səfər çərçivəsində Bakının qonaqpərvərliyi və inkişaf tempindən heyran qalan Ho Şi Min şəhərin sənaye müəssisələri, mədəniyyət ocaqları və elm mərkəzləri ilə yaxından tanış oldu. Lakin böyük dövlət xadiminin Bakıya gəlişinin əsas qayəsini dünyanın neft paytaxtlarından biri olan Azərbaycanın zəngin neft-qaz təcrübəsini öyrənmək təşkil edirdi. Müstəmləkəçilik əsarətindən yenicə qurtulmuş və iqtisadiyyatını yenidən qurmağa çalışan Vyetnam üçün enerji sənayesinin yaradılması həyati əhəmiyyət daşıyırdı. Azərbaycanın Vyetnamla münasibətlərində elm və təhsil sahəsinin xüsusi yeri isə daha dərin tarixi köklərə malikdir. Sovet dövründə Azərbaycanda təxminən 5 min vyetnamlı tələbənin təhsil alması bu əlaqələrin miqyasını göstərən mühüm faktdır. Onların bir çoxu sonradan öz ölkələrində müxtəlif sahələr üzrə mütəxəssis kimi fəaliyyət göstərib. Azərbaycanda təhsil alan vyetnamlı gənclər burada yalnız peşə bilikləri əldə etməyib, eyni zamanda Azərbaycan cəmiyyətini, onun mədəniyyətini və həyat tərzini yaxından tanıyıblar. Sonradan Vyetnama qayıdan həmin şəxslər iki ölkə arasında özünəməxsus mənəvi körpü rolunu oynayıblar. 2015-ci ildə Hanoyda Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının yaradılması da bu tarixi əlaqələrin davam etdirilməsi baxımından əhəmiyyətli addım olub. Azərbaycan–Vyetnam münasibətlərinin humanitar istiqamətdə inkişafı uzun illər ərzində formalaşmış dostluğun müasir dövrün tələblərinə uyğun davam etdirilməsinin göstəricisidir. Xeyriyyəçilik sosial həmrəyliyi, elm və təhsil bilik və intellektual potensialı, mədəniyyət isə qarşılıqlı anlaşmanı və mənəvi yaxınlığı gücləndirir. Bu istiqamətlərin paralel inkişafı iki ölkə arasında strateji tərəfdaşlığın daha möhkəm təməl üzərində qurulmasına xidmət edir. Ən başlıcası, bu əməkdaşlıq yalnız bugünkü münasibətlərin inkişafına deyil, gələcək nəsillər arasında dostluq və etimadın qorunmasına da hesablanıb.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi










