Həmyerlimiz Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun əlaçısı seçilib

img

Həmyerlimiz Cəmilə Cəlilova Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun əlaçısı seçilib. 


Bu münasibətlə Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən “Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəti”nin ofisində diaspora nümayəndələri həmyerlimizlə görüş keçirib.


Rezonans.az xəbər verir ki, tədbiri giriş sözü ilə “Sankt-Peterburqda Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyəti” Regional İctimai Təşkilatın rəhbəri və Sankt-Peterburq şəhərinin deputatı Sabir Məsimov açaraq bütün qonaqları salamladı və Cəmilə Cəlilovanı 1-ci kursu müvəffəqiyyətlə bitirməsi münasibəti ilə təbrik etdi. Daha sonra həmin təşkilatın şərəfli sədri, Elektrokeramika Holdinqinin prezidenti, akademik Heydər İmanov çıxış etdi və təhsilin, elmə yiyələnməyin nə dərəcədə vacib olmasını qeyd etdi. Akademik çıxışının sonunda cəmiyyət adından və şəxsi fonddan MDBMİ-nin tələbəsi C.Cəlilovaya illik təqaüdün təyin olduğunu bildirdi. Görüşdə iştirak edən Leninqrad vilayəti Azərbaycanlılarının Regional Milli-Mədəni Muxtariyyətinin sədr müavini Könül Abbasova da həm özü, həm də təşkilatın sədri Naib Paşayev adından təbriklərini çatdırdı. Könül Abbasova həmçinin gənc xanıma öz tövsiyələrini verərək, onun Vətənimiz üçün bu qürurlu yolda ancaq bol nailiyyətlər əladə edəcəyinə inandığını bildirdi. Könül Abbasova həmçinin Rusiyada yaşayan və təhsil alan həmyerlilərimizə təşkilat tərəfindən hər zaman dəstək və qayğı göstərildiyini vurğuladı. Sonra Azərbaycan gənclərinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə nümayəndəsi Eldar Əlizadə və tələbənin valideynləri çıxış edərək göstərilən bu diqqətə görə hər kəsə, xüsusilə akademik Heydər İmanov və sədr Sabir Məsimova öz minnətdarlıqlarını bildirdilər.


Sonda həmyerlimiz Cəmilə Cəlilova öz növbəsində təhsilindən, oxumaqdan zövq almasından, xalqını bütün qəlbi ilə təmsil etməsindən, gələcəkdə harda olursa-olsun, təkcə Rusiyada deyil, dünyanın hər yerində Azərbaycan bayrağını təmsil edəcəyindən və ucaldacağından danışdı.

Xəbəri paylaş: