2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsi ümumilikdə Ermənistanın ağır məğlubiyyətinin, iki əsrə yaxındır ki yaranmış ermənilərin mifalogiyasının və mənfur ideologiyasının məhvinin başlanığıcı olmuşdur.
Uzun müddətdir davam edən qəsbkarlıq siyasətinə son qoyuldu. Doğma Partiyamızın Sədri, Ölkəmizin başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti ilə güclü Ordumuz rəşadət göstərərək erməni mənfurlarını cəmi 44 gündə məhv etdi. Bu isə həyata keçirilən düzgün siyasətin nəticəsi idi və nəticə etibarı ilə biz uğurlara imza atıb, tarix yazan ölkələrdən olduq. Bu gün də bizim ölkəmizin milli maraqlarını təmin edən milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin növbəti böyük uğurlarından biri Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələrdir.
Hər birimiz yaxşı xatırlayırıq ki, Vətən müharibəsindən əvvəl dövlətimizin başçısı beynəlxalq platformalarda hər zaman humanizm prinsiplərinə əsaslanır və Qarabağ məsələsinin sülh yolu ilə həll olunmasına çalışırdı. Buna baxmayaraq Ermənistan tərəfi sülhlə razılaşmır,hətta bu məsələnin hərbi yolla da həll olunacağına inanmırdı. 44 günlük müharibə, dövlət başçısının informasiya və münaqişə meydanındakı bacarığı,qətiyyətli iradəsi, Ordumuzun şücaəti, bir sözlə xalqımızın həmrəyliyi hər şeyin fərqli olduğunu sübuta yetirdi. Bu uğurların davamı kimi Brüsseldəki üçtərəfli görüş sadəcə Azərbaycanın qələbəsini təsdiqləyən növbəti anlaşmadır. Belə ki həmin istiqamətdə ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar qəbul olunmuşdur. Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan xarici işlər nazirliklərinə müvafiq təlimatlar verilib. Sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür ki, Ölkə Prezidenti hər zaman ölkəmizin milli maraqlarını hər şeydən üstün tutur.
Xüsusilə qeyd edilməlidir ki, bu görüş bölgədəki sülhü təmin edir. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Bunun nəticəsi olaraq da sərhəddə gərginlik aradan qaldırılır. İşğaldan azad olunmuş ərazilərin minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcədə quruculuq işlərində Avropa İttifaqı tərəfindən Azərbaycana dəstək göstərilməsi də nəzərdə tutulur. Bütün bunlarda Azərbaycanın haqq işinə verilən dəstəyin göstəricisidir. Həmin istiqamətdə nəqliyyat-kommunikasiya xətlərinin bərpası və yaradılması, dəmir yolu və avtomobil yolunun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınmışdır. Bu kimi böyük infrastruktur layihələrin həyata keçirilməsi bizim iqtisadi imkanlarımızın inkişafına xidmət edir. Diqqət çəkən məqamlardan biri də imzalanan sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinadın olmamasıdır. Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük Vətən müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır.Beynəlxalq nüfuzlu təşkilatlar, bütün dünya və həmçinin görüşə ev sahibliyi edən Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir. Avropa İttifaqı Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Son iki ayda Azərbaycan Prezidenti ilə dünya liderləri, dövlət və hökumət başçıları arasında dialoq, telefon danışıqları, Prezident İlham Əliyevə ünvanlanmış məktublar dövlət başçımızın dünyada böyük nüfuzunun göstəricisidir. Hərbi münaqişə meydanında olduğu kimi diplomatik müstəvidə də Azərbaycanın qələbəsi danılmazdır.
Təsadüfi deyil ki, Ermənistanda gedən proseslər və Erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə onu göstərir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri böyük səmərə verir və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğrayır. Azərbaycan Ermənistdan fərqli olaraq Cənubi Qafqaz ölkələri sırasında bütün göstəricilərinə görə ən üst səviyyədədir. Bəli bütün bu proseslərin arxasında məhz rasional siyasət dayanır. Bu uğurlu siyasət xalqımızın milli maraqlarına xidmət edir və firavan həyatımızı təmin edir. Beynəlxalq platformalarda gedən proseslər bir daha sübuta yetirdi ki, Azərbaycan dünyada etibarlı tərəfdaş ölkə olmaqla yanaşı bu gün regionda diqtə edən ən güclü dövlətdir.
Tural İsmayılov
YAP Yevlax rayon təşkilatının əməkdaşı










