Azad edilmiş ərazilərdə DSX-nın 19 hərbi hissə kompleksi açılıb

img

İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə son bir ildə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə 14 sərhəd zastavasının fəaliyyəti bərpa olunub.

 

Rezonans.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa edilib, eləcə də "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarətinin işi təşkil olunub.

 

Bundan əlavə, 1452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 1530 ədəd piyada əleyhinə, 1762 ədəd tank əleyhinə mina və 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə 104 kilometr məsafədə yeni yollar çəkilib, 223,7 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib.

Xəbəri paylaş: