Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. Bu amil Azərbaycanın beynəlxalq aləmdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir.Dövlətimizin başçısının siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə inkişaf edərək möhtəşəm uğurlara imza atıb.Avqustun 12-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın İsmayıllı rayonunun Basqal qəsəbəsinə və Ağsu rayonuna səfəri də ölkəmizin inkişafı naminə atılan növbəti addımların nümunəsi kimi səciyyələndirilə bilər.
Ötən illər ərzində Cənab Prezidentin rəhbərliyi altında bölgələrimiz sosial-iqtisadi cəhətdən xeyli dərəcədə inkişaf edib.İnfrastruktur layihələri sürətliə icra edilir. İstər qazlaşdırma, istər elektrik enerjisi, su təchizatı, yolların tikintisi ilə bağlı çox böyük layihələr icra edilmişdir. İsmayıllı rayonunda qazlaşdırma 80 faizdən çoxdur, Ağsu rayonunda 100 faizə yaxındır. Bu iki rayonda son illərdə 10-dan çox elektrik yarımstansiyası inşa olunmuşdur və elektriklə təchizat tam təmin edilib. Yolların çəkilişi ilə bağlı - həm kənd yollarında, eyni zamanda, İsmayıllı-Muğanlı yolunun yeni hissəsində işlər icra edilir. Ağsuda və İsmayıllıda 160 çarpayılıq xəstəxana tikilmişdir, 100-ə yaxın məktəb inşa edilmiş, ya da əsaslı şəkildə təmir olunmuşdur. İş yerlərinin yaradılması ilə bağlı böyük layihələr icra edilib.
Eyni zamanda, regionlarda tarixi abidələrin bərpası, müasir standartlara cavab verən turizm obyektlərinin istifadəyə verilməsi qeyri-neft sektorunun inkişafında önəmli yer tutmaqdadır. Dövlətimizin başçısı səfəri zamanı Qobustan rayonu ərazisində yerləşən, yaşı 500 ildən çox olan “Diri Baba” türbəsini də ziyarət etdi. Bu tarixi abidə Qafqazda nadir abidələrdən biri kimi xalqımız tərəfindən həmişə müqəddəs yer kimi tanınır. Eyni zamanda, İsmayıllı rayonunun Basqal qəsəbəsi də tarixi məkanlarla zəngindir. Eləcə də, bu yaşayış yerinin həm tarixiliyi, həm də füsunkar təbiətə sahib olması onun turizm potensialından xəbər verir. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır. Ağsu rayonunda böyük aqroparkın fəaliyyəti bölgə iqtisadiyyatına töhfə verir. Orada da 200-ə yaxın iş yeri açılıb. Əhalinin artması iş yerlərinə tələbatı artırır. Özəl sektor üçün yaradılmış şərait yeni iş yerlərinin açılmasına kömək edir. Kənd təsərrüfatının inkişafı ilə bağlı əvvəlki illərdə qəbul edilmiş qərarlar öz bəhrəsini verir.
Dünya iqtisadiyyatına inteqrasiya uğurla davam edir. Ümumi daxili məhsulumuzun əksər hissəsini özəl sektor formalaşdırır, həm yerli şirkətlər, həm xarici investorlar, xarici şirkətlər. Belə olan halda dünyada gedən istənilən iqtisadi proses bizə də təsirsiz ötüşmür.Bu gün Azərbaycan özünü ət məhsulları ilə 90 faiz, quş əti ilə 80 faiz, süd, süd məhsulları ilə 85 faiz səviyyəsində təmin edir. Növbəti 3-5 il ərzində biz yüz faiz səviyyəsinə çıxacağıq.Təqribən 3-4 il ərzində biz özümüzü ərzaqlıq buğda ilə 80 faiz səviyyəsində təmin edə bilsək böyük nəticə olacaqdır.
İsmayıllı rayonunun Basqal qəsəbəsində Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı sosial-iqtisadi inkişaf məsələləri ilə yanaşı, regionda baş verən proseslər, xüsusilə Ermənistanın son hərbi təxribatları haqqında fikirlərini bildirdi. Belə ki, cənab Prezidentin dediyi kimi “Qisas” əməliyyatı Ermənistanın cəzalandırılması oldu və şəhidimizin qisası alındı. Əgər erməni tərəfi yenə təxribatlara əl atarlarsa daha sərt şəkildə cəzalandırılacaqlar. Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan da 10 noyabr razılaşmalarına əməl etməlidir. 10 noyabr Bəyanatının 4-cü bəndinə əsasən, erməni silahlı qüvvələri Qarabağ ərazisindən tam çıxarılmayıb. Bundan əlavə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında dəmir yolu və avtomobil yolu təmin olunmalıdır. Amma Ermənistan bu razılaşmaya da əməl etmir. “Qisas” əməliyyatından sonra Ermənistan qanunsuz hərbi birləşmələrini Qarabağ ərazisindən çıxarmaya başlayıb. Görünən odur ki, erməni tərəfi cəzalandırıldıqdan sonra müəyyən qədər ağıllanır. Dövlətimizin başçısının dediyi kimi, əgər Ermənistan prosesi uzatmaqla bir-iki il ərzində vəziyyətin öz xeyrinə dəyişəcəyini gözləyirsə, yanılır. Çünki həm geosiyasi proseslər, həm də artan gücümüz vəziyyətin bundan sonra da Azərbaycanın xeyrinə olacağını sübut edir.
Prezident İlham Əliyevin çıxışında
Ermənistanın hakimiyyət nümayəndələrinin Qarabağın statusu haqqında səsləndirdiyi fikirlərə də lazımi cavab bir daha verilib: “Qarabağ ermənilərinə heç bir status verilməyəcək. Dövlətimiz bütün vətəndaşlarımız kimi, onların da hüquq və təhlükəsizliyinə təminat verir. Bundan əlavə, Laçın dəhlizi ilə bağlı məsələlərə toxunan cənab Prezident yeni alternativ yolun istifadəyə verilməsindən sonra vətəndaşlarımızın Laçın şəhərinə, Zabux və Sus kəndlərinə qayıdacaqlarını bildirib. Yəni orada məskunlaşmış ermənilər ərazini tərk edəcək, bundan sonra həmvətənlərimizin doğma yurdlarına qayıdışı məsələləri həll olunacaq. Artıq həmin ərazilərdə qanunsuz məskunlaşdırılan ermənilərin köçürülməsi prosesi başlayıb.
Erməni tərəfi Azərbaycan Prezidentinin xəbərdarlıqlarından nəticə çıxarmalı, sülhə gəlmək üçün müsbət addımlar atmalıdır. Əks halda, qeyri-konstruktiv mövqe məhz rəsmi İrəvan üçün problemlər yaradacaq. Münasibətlərdə yeni səhifənin açılması Ermənistanın sülh danışıqlarına başlanması istiqamətində atacağı addıma bağlıdır. Prinsip etibarilə Ermənistanın yeni reallıqla barışması labüddür, çünki başqa yolu yoxdur. Qarabağda yaşayan ermənilərin gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Bundan əlavə, Ermənistan Zəngəzur dəhlizi ilə bağlı məsələni uzatmağa son qoymalı və konstruktiv mövqe nümayiş etdirməlidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə mövqeləri güclənib və bundan sonrakı mərhələdə bu mövqe daha da möhkəmlənəcək. Əminik ki, qarşıdakı dövrdə də Prezident İlham Əliyevin liderliyi ilə ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan bütün sahələrdə daha möhtəşəm, əzəmətli nailiyyətlər qazanacaq. Artıq ölkəmiz regionda yeni reallıqlar yaradıb və bu reallıqların praktiki mərhələyə keçməsi üçün əməli addımlar atır. Yeni reallıqlar isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın daha böyük, möhtəşəm nailiyyətlər əldə etməsinə hədəflənib.
Məhyəddin Nəsimioğlu
YAP Yevlax rayon təşkilatının fəalı










