Bakıda rəsmi səfərdə olan Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin səsləndirdiyi bəzi fikirlər Ermənistanda etiraza səbəb olub.
Rezonans.az xəbər verir ki, Tokayevin Azərbaycan prezidenti İlham Əliyevə Qazaxıstanın “Altın kıran” – “Qızıl qartal” ali ordenini təqdim edərkən 44 günlük Vətən müharibəsini nəzərdə tutaraq səsləndirdiyi ifadələr rəsmi İrəvanda qıcıq doğurub.
Belə ki, Kasım-Jomart Tokayev ali ordeni təqdim edərkən İlham Əliyevə deyib: “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm”.
İrəvanda hesab edirlər ki, Tokayevin çıxışında birbaşa Ermənistanın adı çəkilməsə də, söhbətin 44 günlük müharibədən getdiyi açıq-aydın görünür.
Erməni rəsmilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi olan bir ölkənin (Qazaxıstan) prezidentinin belə bir çıxış səsələndirməsinin son dərəcə qeyri-müəyyənlik doğurduğunu və bəzi düşüncələrə səbəb olduğunu bildiriblər.










