Qriqoryanı Xankəndiyə gətirən səbəblər - TƏFƏRRÜAT

img

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sentyabrın 2-də Qarabağdakı qondarma qurumun saxta bayramı münasibətilə Xankəndiyə gəlib.

 

Ermənistan rəsmisinin Azərbaycan ərazilərinə qanunsuz səfəri birmənalı qarşılanmayıb. Xüsusilə, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanınn Brüsseldə keçirilən görüşündən sonra Armen Qriqoryanın Xankəndiyə gəlməsi media və ictimaiyyətdə ciddi suallar doğurub. 

 

Maraqlıdır, Qriqoryanı Xankəndiyə hansı səbəblər gətirib?

 

Rezonans.az xəbər verir ki, bu barədə danışan "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu düşünür ki, Qriqoryanın səfərinin məqsədi yalnız separatçıların 2 sentyabr “müstəqillik” tədbirləriylə bağlı deyil.

 

 

"Baş nazir Nikol Paşinyan İkinci Qarabağ müharibəsindən sonra Xankəndiyə gəlməyib. Çünki bilir ki, bu qanunsuz səfər bölgədə gərginliyi artıra bilər. Ancaq ola bilər ki, Paşinyanın mövqeyi dəyişib və yeni yolun çəkilişindən sonra Xankəndiyə gəlmək haqqında düşünür. Armen Qriqoyanın Qarabağa gəlişi nəbz yoxlamasıdır və mümkündür ki, Paşinyanın gəlişinə hazırlıq məqsədi daşıyır. Ərazimizə belə bir qanunsuz səfər barədə düşünürlərsə, yolu rahat keçmək üçün Moskvadan icazə almalı olacaqlar. Moskvanın icazəsi Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaradacaq. Paşinyanın gəlişi böyük riskdir, ancaq “gəlməz” - deyib bu versiyanı bəri başdan rədd edə bilmərik" - deyə politoloq vurğulayıb.

 

Qeyd edək ki, rəsmi Bakı Armen Qriqoryanın Xankəndi şəhərinə qanunsuz səfərinin Azərbaycana qarşı növbəti təxribat olduğunu bəyan edib.

Xəbəri paylaş: