Qlobal istiləşmə kənd təsərrüfatına mənfi təsir edir

img

Ölkəmizdə bitki sağlamlığı və mühafizəsinin təşkili istiqamətində davamlı işlər görülür. Bu sahədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Kənd Təsərrüfatı Nazirliyi ilə, xüsusilə də nazirliyin Aqrar Xidmətlər Agentliyi ilə koordinasiya olunmuş fəaliyyət aparır.

 

Rezonans.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” mövzusunda regional tədbirdə çıxışı zamanı deyib.

 

Nazir qeyd edib ki, artıq bütün dünya qlobal iqlim dəyişkliyinin təsirlərini hiss etməkdədir. Qlobal istiləşmə, atmosfer yağıntılarının azalması, ekoloji tarazlığın pozulması, torpaq və su resurslarının istehsal imkanlarının son həddinə çatması bütün sahələrə, o cümlədən kənd təsərrüfatına mənfi təsir göstərməkdədir.

 

"Bu məsələlər artıq ayrı-ayrı ölkələrin deyil, bütün dünyanın üzləşdiyi problemlərdir. İqlim dəyişkliyinin yaratdığı risklərə qarşı önləyici addımların atılmasında məlumat və təcrübə mübadiləsinin aparılması vacibdir. İştirak etdiyimiz “Ərzaq təhlükəsizliyi üçün bitki sağlamlığı innovasiyaları” beynəlxalq konfransı bizlərə belə təcrübə mübadiləsi aparmağa imkan yaradır.

 

Beynəlxalq əməkdaşlıq çərçivəsində birgə fitosanitar, bitki mühafizəsi və biotəhlükəsizlik tədbirlərinin görülməsi, ölkələr arasında operativ və səmərəli məlumat mübadiləsi aparılması yeni ocaqların əmələ gəlməsinin və sirayətlənmə hallarının qarşısının alınmasında əhəmiyyətli rola malikdir.

 

Qəbul olunmuş fitosanitar standartlar, protokollar və fitosanitar tədbirlər beynəlxalq miqyasda data harmonizasiyası və təcrübə mübadiləsini aparmağa, bu sahədə birgə əməkdaşlığı təşkil etməyə imkan verir. Eyni zamanda lokal, regional və qlobal miqyasda dayanıqlı kənd təsərrüfatının inkişaf etdirilməsi yolu ilə ərzaq təhlükəsizliyinə, bitki sağlamlığına, ətraf mühitin və biomüxtəliflyin qorunmasına zəmin yaradır", - deyə İ.Kərimov əlavə edib.

Xəbəri paylaş: