Əhəd Abıyevdən dağ uçqunu ilə bağlı AÇIQLAMA

img

Daşkəsəndə baş verən dağ uçqunu ilə bağlı təxirəsalınmaz tədbirlər görülür.

 

Rezonans.az xəbər verir ki, bunu Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev deyib.

 

Əhəd Abıyev bildirib ki, sentyabrın 3-də gecə saat 23 radələrində Daşkəsən-Mollahəsənli-Əhmədli-Dardələ, Şahvələdli-Qıyıqlı-Dəstəfur avtomobil yolunun 7-ci kilometrliyində, Pirsultan dağında güclü dağ uçqunu təbiət hadisəsi baş verib. İcra başçısının sözlərinə görə, avtomobil yolunun 500 metrdən çox hissəsi 35-40 metr hündürlüyündən tökülən daş, torpaq və qaya parçaları altında qalıb: “Nəticədə adını çəkdiyim kəndlərdə yaşayan 2422 nəfər sakinin rayona gediş-gəlişi müvəqqəti olaraq dayanıb. Dağ uçqunu həmin kəndlərin yüksək gərginli elektrik, rabitə və qaz xətlərini torpaq altında qoyaraq yararsız vəziyyətə salıb. Qaya və daş parçaları ərazidən keçən çayın qarşısını kəsərək çayın göl səviyyəsinə çatmasına səbəb olub”.

 

Əhəd Abıyev qeyd edib ki, Hamamçay adlanan çayın ehtimal olunan selinin qarşısının alınması ilə bağlı təxirəsalınmaz qabaqlayıcı tədbirlər görülür:

 

“Hadisə gecə saatlarında baş verdiyi üçün ərazidə avtomobillər olmayıb və xəsarət alan da yoxdur. Daşkəsən İcra Hakimiyyəti başçısı yanında Fövqəladə hallar komissiyası rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə birlikdə təbiət hadisə baş verdiyi əraziyə baxış keçirib. Müvafiq qurumlar tərəfindən aidiyyatı mütəxəssislər əraziyə cəlb olunub. Daşkəsən Elektrik Şəbəkəsi gün ərzində yararsız dirəkləri yenisi ilə əvəzləyib və kəndlərdə elektrik enerjisinin verilişini qısa vaxta tam bərpa edib. Hazırda Daşkəsən Dəmir Filiz MMC-nin bərpa işlərini texjnikalarla yüksək səviyyədə aparmasına İcra Hakimiyyəti köməklik göstərir, təxirəsalınmaz tədbirlər görülür. Uçqun altında qalan yol qısa müddətə bərpa olunacaq. Uçqun nəticəsində dəymiş ziyanın aradan qaldırması istiqamətində işlər davam etdirilir”.

 

Xəbəri paylaş: