Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In ölkəsinin nüvə silahı proqramından imtina etməyəcək.
Rezonans.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kim Çen In bu fikri KXDR Ali Xalq Məclisində nüvə qüvvələri sahəsində dövlət siyasəti haqqında qanunun qəbulu zamanı bildirib.
Kim Çen In deyib ki, Şimali Koreya döyüş mövqeyini gücləndirmək üçün taktiki nüvə əməliyyatlarının miqyasını daim genişləndirməlidir:
"Yer üzündə nüvə silahları var, imperializm saxlanılır, ABŞ və ardıcıllarının respublikamıza qarşı manevrləri davam edir, bizim nüvə qüvvələrimizi gücləndirməklə bağlı fəaliyyətimiz dayanmayacaq”.
Ali Xalq Məclisinin elan etdiyi qanuna əsasən, KXDR nüvə silahına sahib məsuliyyətli ölkə kimi bütün növ müharibələrə, o cümlədən nüvə silahı müharibəsinə qarşıdır və beynəlxalq ədalətin reallaşacağı sülh dünyasını qurmağa çalışır.
KXDR nüvə silahına malik olan və olmayan dövlətlərə təhdid deyil və KXDR-ə təcavüz, həmçinin hücumlara qoşulmayacağı təqdirdə heç birinə qarşı nüvə silahı tətbiq etməyəcək.










