Milli Məclisdə Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) üzvləri ilə görüş keçirilib

img

Sentyabrın 9-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə üzrə Ekspertlər Qrupunun (GRETA) üzvləri ilə görüşüblər.


Rezonans.az xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qonaqları salamlayaraq, diqqətə çatdırıb ki, ölkəmizdə 2005-ci ildə “İnsan alverinə qarşı mübarizə haqqında” qanun qəbul edilib. Sonra həmin qanunda təkmilləşdirmələrin aparıldığını deyən komitə sədri, sənədin beynəlxalq standartlara uyğun olmasının vacibliyini söyləyib. Bildirilib ki, hər il parlamentə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun insan alverinə qarşı mübarizəyə dair məlumatı təqdim olunur. 

Əli Hüseynli insan alverinin hüquqi məsələ olmaqla yanaşı, həm də ciddi sosial problem olduğunu qeyd edərək, parlamentin Daxili İşlər Nazirliyi və İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorla hər zaman səmərəli əməkdaşlıq etdiyini söyləyib. Eyni zamanda, Daxili İşlər Nazirliyinin GRETA ilə qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirib. 


Görüşdə çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, “İnsan alverinə qarşı mübarizə haqqında” qanun qəbul edildikdən bu günə qədər qanunvericilik sistemində dörd dəfə dəyişikliklər edilib. Bu dəyişikliklərdə müvafiq beynəlxalq qurumların tövsiyələri nəzərə alınıb. O, bu sahədə Milli Fəaliyyət Planlarının da qəbul edildiyini söyləyib. Qeyd edib ki, ölkəmizdə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi fəaliyyət göstərir. Eyni zamanda, insan alverinin qarşısının alınması sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları mövcuddur. Komitə sədri bu istiqamətdə qanunvericiliyin daim təkmilləşdirilməsinin vacibliyindən də danışıb. 

Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə üzrə ekspertləri İa Dadunaşvili, Georgios Vanikiotis səmimi görüşə görə minnətdarlıqlarını ifadə ediblər. Ekspertlər təmsil etdikləri qurumun fəaliyyətindən söhbət açıblar, Azərbaycanla GRETA arasında əməkdaşlığın əhəmiyyətindən bəhs ediblər. Qonaqlar ölkəmizdə insan alverinə qarşı mübarizə tədbirləri, bu sahədə əldə edilmiş nailiyyətlər, mövcud problemlər, qanunlara edilən dəyişikliklərlə maraqlanıblar.

Söhbət zamanı Avropa Şurası ekspertlərinin ölkəmizdə insan alverinə qarşı mübarizə sahəsində vəziyyət, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı sualları ətraflı cavablandırılıb. Qonaqlara bu istiqamətdə  həyata keçirilən tədbirlər, gələcəkdə nəzərdə tutulan işlər barədə məlumat verilib.

Görüşdə iştirak edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, Avropa Şurasının İnsan Alverinə Qarşı Mübarizə Konvensiyası Katibliyinin nümayəndələri Mesut Bedirhanoğlu, Parvine Gadami, GRETA-nın Azərbaycanda əlaqəli şəxsi – Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi Samir Qarayev müzakirə olunan məsələlərlə bağlı öz fikirlərini açıqlayıblar.

Xəbəri paylaş: