Bir qrup zəngilanlı alimlərlə görüş keçirilib

img

Ekoloji Təmiz Məhsul İstehsalçıları və İxracatçıları İctimai Birliyinin (AOPE) təşkilatçılığı ilə bir qrup zəngilanlı alimlə görüş keçirilib.


AOPE-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Quliyevin Rezonans.az-a verdiyi məlumata görə, görüşdə alimlərlə yanaşı, millət vəkili Ceyhun Məmmədov, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Xanım Rüstəmova,  fəal gənclər və media nümayəndələri iştirak etmişdir. 


Tədbiri görüşü açılış nitqi ilə AOPE-nin İdarə Heyətinin sədri Emin Əliyev açaraq, qonaqları salamladı və bu tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirdi. Emin Əliyev çıxışının davamında alimlərin dövlət üçün, ölkə rəhbərliyi üçün və ümumiyyətlə Azərbaycan xalqı üçün nə qədər böyük bir dəyərə sahib olduğunu xüsusilə qeyd etdi. Bu görüşü Zəngilan rayonundan olan alimlərlə keçiriləcək silsilə görüşlərin başlanğıcı kimi qiymətləndirən Emin Əliyev nəinki alimlərlə, habelə qazilər, müəllimlər, şəhid ailələri və  fəal gənclər ilə davamlı şəkildə belə görüşlərin keçirilməsinin vacib olduğunu vurğuladı. “Alimin mürəkkəbi şəhidin qanı qədər dəyərlidir. Alimlər vətənə, millətə və ümumilikdə bütün insanlığa xidmətin ölənə qədər davam etməli olduğunu əyani olaraq göstərən nümunələrdir, fədakarlardır” deyən Emin Əliyev bu yolda alimlərə müvəffəqiyyətlər arzuladı.


Daha sonra, millət vəkili Ceyhun Məmmədov və Zəngilan rayon icra hakimiyyətinin başçısının müavini Xanım Rüstəmova çıxış etdilər. Ceyhun Məmmədov isə çıxışı zamanı Şərqi Zəngəzurun nə qədər strateji mövqeyə sahib olmasından bəhs etdi. O, işğaldan azad edilmiş ərazilərin inkişafında, yenidən qurulmasında vətəndaş kimi ayrı-ayrılıqda yox, hamılıqla rayonları ayırmadan birlikdə çalışmağın çox vacib olduğunu qeyd etdi. 


Zəngilan RİH Başçısının müavini Xanım Rüstəmova çıxışı zamanı bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti, rəşadətli ordumuzun gücü və xalqımızın birliyi nəticəsində biz torpaqlarımızı işğaldan azad etdik. Bu birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlarımıza qayıdıb, o yerləri yenidən canlandıraraq dirçəldək, doğma yurdumuzda yeni həyata başlayaq. Həmçinin çıxışında zəngilanlı alimlərlə görüşün onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı və bu görüşü təşkil etdiyinə görə Emin Əliyevə təşəkkür etdi. 


Tədbirin davamında dəvət edilmiş alimlərin hər biri çıxış edərək bu cür görüşlərin mütəmadi olaraq təşkil olunmasının əhəmiyyətli olacağını bildirdilər və təşkilatçılara minnətdarlıqlarını bildirdilər.

Xəbəri paylaş: