Sahibə Qafarova Tacikistan Ali Məclisi Milli Məclisinin sədri ilə görüşüb

img

Tacikistan Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bu ölkənin Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli ilə görüşüb. 


Rezonans.az xəbər verir ki, əvvəlcə, Milli Məclisin sədri Sahibə Qafarova ilə Tacikistan Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli arasında təkbətək görüş keçirilib. Görüşdə iki ölkə arasında münasibətlərin inkişafı, parlamentlərarası əməkdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb.


Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam etdirilib. Azərbaycan Milli Məclisinin sədrini səmimiyyətlə salamlayan Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəm Emoməli deyib ki, ölkəsi dost Azərbaycanla münasibətlərə böyük önəm verir və yüksək qiymətləndirir. Onun sözlərinə görə, iki ölkə arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq uğurla inkişaf edir. Azərbaycanın Tacikistanın xarici siyasətində mühüm yer tutduğunu vurğulayan Rüstəm Emoməli münasibətlərimizin zəngin tarixi köklərə əsaslandığını qeyd edib.


Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Sahibə Qafarovanın Milli Məclisin sədri kimi Tacikistana ilk dəfə səfər etdiyini vurğulayaraq, bu səfərin iki dost ölkənin parlamentlərarası əlaqələrinin daha da inkişafına töhfə verəcəyinə inamını bildirib. O, bu səfəri qanunverici orqanlarımız arasında yüksək əməkdaşlıq əlaqələrinin davamı kimi qiymətləndirərək, səfərin ümumi maraqlarımıza xidmət edən məsələlərin müzakirəsi üçün yaxşı imkan olduğunu bildirib. Rüstəm Emoməli Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini qeyd edərək, ölkəmizin təşəbbüsü ilə Hərəkatın Parlament Şəbəkəsinin yaradılmasını xüsusi vurğulayıb, Tacikistan parlamentinin də Şəbəkəni dəstəkləməyə hazır olduğunu bildirib.


Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, ölkələrimiz arasında dostluq, tərəfdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb. Bu il Azərbaycanla Tacikistan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğunu xatırladan spiker Sahibə Qafarova, bu illər ərzində ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini söyləyib. O, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin dərinləşməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. 


Ölkələrimiz arasında əlaqələrin inkişafında qanunverici orqanların önəmli rol oynadığını deyən Milli Məclisin sədri bildirib ki, parlamentlərimizin uğurlu əməkdaşlığı xalqlarımızın maraqlarına xidmət edir. Spiker cari ilin mart ayında Rüstəm Emoməlinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Tacikistan Ali Məclisinin Milli Məclisi arasında Əməkdaşlıq haqqında Sazişin imzalandığını xatırladaraq, bildirib ki, bu sənədin imzalanması əməkdaşlığımızın daha da genişlənməsinə əsaslar yaradıb. Qeyd edib ki, qanunverici orqanlarımız bir sıra beynəlxalq parlament təşkilatlarında da uğurla əməkdaşlıq edirlər.


Sahibə Qafarova Azərbaycan Milli Məclisinin beynəlxalq parlament təşkilatları ilə əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdıraraq, ölkəmizin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işinə əhəmiyyətli töhfələr verdiyini bildirib. O xatırladıb ki, ötən ilin noyabrında Madriddə Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis yığıncağı keçirilib və Parlament Şəbəkəsi təsis olunub. Bu ilin 30 iyun-1 iyul tarixlərində isə Azərbaycanda 40 ölkənin parlamentlərinin və 8 beynəlxalq parlament təşkilatının nümayəndə heyətlərinin iştirakı ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı Konfransı baş tutub. Konfrans zamanı bizim ümumi mövqeyimizi və baxışlarımızı əks etdirən Bakı Bəyannaməsi qəbul edilib. Bu, Parlament Şəbəkəsinin institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. 

Milli Məclisin sədri, həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdikdən sonra regionda mövcud olan vəziyyət, ölkəmizin işğaldan azad etdiyi şəhər və rayonlarımızda həyata keçirdiyi böyük quruculuq işləri barədə də qarşı tərəfə məlumat verib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. 

Görüşdə Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə, qrupun üzvləri Anatoliy Rafailov, Azər Badamov, Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əsgərov və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbəri paylaş: