7-9 sentyabr 2022-ci il tarixlərində Polşa Respublikasının paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu tərəfindən “Cəzaçəkmə müəssisələrində gender əsaslı və cinsi zorakılıqla mübarizə sahəsində başçəkmələrin təşkili üzrə nəzarət mexanizmlərinin gücləndirilməsi” mövzusunda regional təlimlər keçirilib. 25 ölkədən 31 nümayəndənin qatıldığı təlimdə Azərbaycandan nümayəndə kimi Ombudsman Aparatının Başçəkmələr sektorunun müdiri Raidə Əmirbəyova iştirak edib.
Rezonans.az xəbər verir ki, təlimlər çərçivəsində gender əsaslı və cinsi zorakılığın qarşısını alınmasına dair monitorinq işinin təşkil olunması ilə bağlı müsbət təcrübələr və bu sahədə başçəkmələrin həyata keçirilməsində yeni mexanizmlərin istifadəsinə dair təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb.
Sessiyalar çərçivəsində təşkil olunmuş müzakirələrdə Azərbaycan nümayəndəsi tərəfindən ölkəmizdə Milli Preventiv Mexanizm çərçivəsində həyata keçirilən monitorinq işi ilə bağlı müsbət təcrübələr haqqında məlumat verilib.
Həmçinin iştirakçılar üçün Polşa Respublikasının Ombudsman Aparatına təlim səfəri təşkil olunub, müvafiq dövr ərzində qurum tərəfindən başçəkmələrin təşkil olunması və həyata keçirilməsi üzrə təcrübələrlə bağlı məlumatlar təqdim olunub.